"Əksər ailələr buna razı olmazlar"

"Sahibsiz it sözü ilə razılaşmır. Deyir bu sözü kimlərsə bilərəkdən ortaya atıblar. "Həyatda heç nə sahibsiz deyil" deyir...

Hər gün övladını məktəbə aparanda küçədə dolaşan itləri görərkən narahat olan bir valideyn kimi hər zaman onları müdafiə edən Mənsurə xanımla sosial şəbəkədə bir dəfə mübahisəmiz düşmüşdü. Təbbi ki, mən də heyvanların öldürülməsini doğru hesab etmirəm, amma uşaqlarımı düşünəndə tədbir görülməsinin tərəfdarıyam. Bakıda, bəlkə elə regionlarda da mənim kimi düşünən minlərlə insan var. Amma

"Alyans" canlı aləmin mühafizəsi Birliyinin rəhbəri Mənsurə Rəsulzadə heyvanlardan qorxmamağı, onları görəndə narahat olmamağı məsləhət görür. Deyir ki, küçələrdə dolaşan itlərdən qaçmayın, onların yanına gedin, onlara çörək verin, lazım gəlsə başlarını sığallayın...

"Peşman olmamışam"

Dediyinə görə, yeniyetməlik yaşından özü belə edib və peşman olmayıb, əksinə, heyvanlardan həmişə sevgi görüb: "Hər bir valideyn uşaqlarını heyvanlara sevgi ruhundada böyütməlidir. Dünyanın inkişaf etmiş ölkələrinin çoxunda autizm xəstəliyi olan uşaqları heyvanların köməkliyi ilə müalicə edirlər. Bildiyiniz kimi, autizm xəstəliyi olan uşaqlar özlərini qeyri-adekvat aparırlar, müxtəlif hərəkətlər edirlər, özləri də bilmədən qəribə rəftarları olur, bir növ duyğusuz yanaşırlar. Lakin dünyada geniş yayılmış müalicə metodlarından biri də odur ki, autizm xəstəliyindən əziyyət çəkən uşaqları heyvanların köməkliyi ilə müalicə edirlər. Heyvanlar uşaqları sanki daha həssas olmağa məcbur edirlər, yatmış duyğuları oyadırlar. Tək bu deyil, ümumiyyətlə, heyvanların insan həyatında çox böyük rolu var. İnandırım sizi, bu mövzuda böyük bir kitab yazmaq olar".

"Əksər ailələr buna razı olmazlar"

M. Rəsulzadənin sözlərinə görə, hətta atılmış uşaqların heyvanlarla dost olmaları da səbəbsiz deyil: "Baxın, bir insan öz övladını atır, onu sevgidən məhrum eləyir. Həmin uşaq demək olar ki, sevgi görmür, ötürmək istədiyi sevgiyə isə hədəf tapmır - ata-anası yoxdur. O zaman heyvan bu sevgini ona verə bilir. Pişik gəlir onun yanına, uşaq başını sığallayır, üzünə baxır, quyruğunu sürtür, bax, bu sevgi enerjisini ötürmək deməkdir. Bu, çox xoş duyğudur. Uşaq da eynilə müsbət reaksiya verir, o sevgini alır. Bunu maddiyyat ilə ölçmək mümkün deyil. Uşaq yaşlarında atılmış həmin uşaqlarda illər sonra da heyvanlara diqqət, sevgi olur, heç vaxt bunu unutmurlar. Bu, pulla ölçülən duyğu deyil, başqa bir şeydir. Yaxud bir ailə düşünün, orada heyvan saxlayırlar, ona öyrəşiblər, heyvan da ailəyə öyrəşib, artıq ailənin üzvü kimidir. Həmin heyvanı pulla almaq istəyən olsa, sizcə, ailə verərmi? Əminəm ki, əksər ailələr buna razı olmazlar. Bax, bütün bunları insanlara, cəmiyyətə izah eləmək lazımdır. Çox gözəl duyğudur. Bu cəhətlərdən kasıb olmaq lazım deyil. Təminat əlbəttə, yaxşı şeydir, yeməlisən ki, yaşayasan, geyinməlisən ki, cəmiyyət arasına çıxasan, amma nəyə görə yaşayasan sözü də var axı. Bəli, övladlarını böyüdürsən, ancaq sənin həyatdan alacağın başqa zövq, duyğu da olmalıdır axı... Bunların fəlsəfi bir dərinliyi var, anlatmaq lazımdır".

"Bilmirəm, aparıb harasa atdılar, yoxsa öldürdülər"

"Sizdə heyvanlara olan bu sevginin kökündə nə durur?" sualımıza Mənsurə xanımın cavabı belə oldu: "3-4 yaşım olardı, uşaq bağçasının həyətində oynayarkən qəfil otların içindən bir səs eşitdim. Təbiətə çox marağım var idi, uşaqlardan ayrılıb səs gələn tərəfə getdim. Hər şey dəqiqliyi ilə yadımdadır. Otların arasında 3 bala pişik var idi. Üzləri çox çirkli, gözləri bağlı idi, sanki ağlayırdılar. Biri yaralanmışdı, ayağından qan axırdı. Təbii ki, uşaq olduğum üçün onlara heç bir yardım edə bilmədim, ancaq bu vəziyyətləri mənə çox pis təsir etdi. Uşaq yaddaşıma həkk olundu sanki. Pişik balaları elə miyoldayıb zarıyırdılar ki, özümə gələ bilmirdim. Fikirləşdim ki, onlara yemək vermək lazımdır, acdırlar. Müəlliməmiz bizi yeməyə aparanda da ürəyim onlarla idi. Yeməyimi götürüb onların yanına qaçırdım. Bilmirəm yeyirdilər, yoxsa yemirdilər, amma mən yeməyimi ora daşıyırdım. Lakin bir gün gördüm ki, artıq onlar yoxdular. Bilmirəm, aparıb harasa atdılar, yoxsa öldürdülər...

Həmin pişiklərdən sonra başa düşdüm ki, onlar da canlıdırlar, onlar da sanki özlərini uşaq kimi hiss edirlər. O vaxt düşünürdüm ki, mən bağçadayam, mənim anam var, gəlib evə aparır, ancaq onların heç kəsi yoxdur, yazıqdılar, yemək istəyirlər. Görəsən, kim onlara yemək verir? Mənim müəllimim var, mənim anam var, bəs onlar? Bunlar o vaxtdan mənim uşaq yaddaşıma həkk olundu. Uşaqlıqdan ailəmiz bizi təbiətsevər böyüdüb. Yəqin elə bunun nəticəsi idi ki, həmin bala pişiklərin səsi məni özünə çəkmişdi. Bəlkə də kimlərsə deyir ki, əşi, camaat nə hayda, bunlar nə hayda. Belə düşünənlər olub və olacaq, ancaq bizi ruhdan sala, işimizdən soyuda bilməzlər.

Bu, candan gələn bir şeydir, amma candan gəlmirsə, kimsə bunu anlatmalıdır uşaqlara. İnsan var ki, hər şeyi ilə tamdır, eşidir, görür, amma insan da var ki, doğulanda fiziki qüsurla doğulur. Görmədə, duymada, eşitmədə insanın qüsuru ola bilər. Valideynlər uşaqlarına heyvanlara hörmət və sevgini aşılamağa, onları başa salmağa çalışmalıdırlar".

Nicat

DİGƏR XƏBƏRLƏR

Top