"SƏRHƏD" sənədli filmi ictimaiyyətə təqdim olunub

10 noyabr 2017-ci il tarixdə Beynəlxalq Mətbuat Mərkəzində “Mədəniyyətin və Milli Ənənələrin Təbliği” İctimai Birliyi tərəfindən hazırlanmış “SƏRHƏD” sənədli filminin təqdimat mərasimi keçirilib. Yeniavaz.com İctimai Birlikdən açıqlanan məlumatlara istinadən bildirir ki, “Sərhəd sənədli filminin çəkilməsi” layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə baş tutub.

Təqdimat mərasimində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının nümayəndələri, Xankəndi seçki dairəsindən seçilmiş millət vəkili Flora Qasımova, həmçinin QHT rəhbərləri, ölkənin aparıcı Kütləvi İnformasiya Vasitələrinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

“SƏRHƏD” sənədli filmi işğalçı Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs dövründə azərbaycanlı uşaqların öldürülməsindən bəhs edilir. Filmdə vurğulanır ki, faşizm ideologiyasını dövlət səviyyəsində həyata keçirən Ermənistanın kriminal hərbi-siyasi rejimi körpələrin qətlə yetirilməsinə əmr verməklə Azərbaycan xalqına qarşı soyqırımı siyasətini davam etdirir. “SƏRHƏD” sənədli filmində 4 iyul 2017-ci il tarixdə işğalçı Ermənistan silahlı qüvvələri tərəfindən qətl edilmiş 18 aylıq Zəhra Quliyevanın, 2011-ci ildə Ağdam rayonunun Orta Qərvənd kəndində erməni əsgərləri tərəfindən snayper gülləsi ilə vurulmuş Fariz Bədəlovun valideynləri, elə həmin ildə Tovuz rayonunun Əlibəyli kəndində erməni hərbçilərinin oyunçaqda gizlətdikləri qumbaranın partlaması nəticəsində həlak olmuş Aynur Şaxmalıyevanın anası danışırlar. Bundan əlavə, sənədli filmdə işğalçı Ermənistanın hərbi-siyasi rejiminin faşizm ideologiyası əsasında fəaliyyət göstərdiyini sübut edən arxiv materiallar da təqdim olunur.

Tədbirin aparıcısı Telman Qasımovun təklifi ilə təqdimat mərasiminin iştirakçıları faşizmin və terrorun qurbanları olmuş bütün uşaqların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sükutdan sonra Telman Qasımov bildirdi ki, “SƏRHƏD” sənədli filmi faşist erməni rejimi tərəfindən qətl edilmiş azərbaycanlı uşaqların timsalında bütün dünyada insanlıq əleyhinə cinayətlərin qurbanları olmuş körpələrin xatirəsinə ithaf olunur.

“SƏRHƏD” sənədli filminin çəkilməsi layihəsinin rəhbəri Büllur Məmmədova vurğuladı ki, ictimaiyyətə təqdim olunan bu film beynəlxalq təşkilatların körpələrin vəhşicəsinə qətlə yetirilməsinə biganə və laqeyd münasibətlərinə açıq etirazdır. Onun sözlərinə görə, “SƏRHƏD” sənədli filminin rus və ingilis dillərində versiyaları artıq hazırdır. “Mədəniyyətin və Milli Ənənələrin Təbliği İctimai Birliyi bu filmin beynəlxalq təşkilatlara və Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərinə çatdırılması üçün geniş fəaliyyət həyata keçirir” deyən layihə rəhbəri bildirdi ki, dünya birliyinin sərt reaksiya verməməsi və əməli tədbirlər görməməsi nəticəsində Ermənistanın kriminal rejimi bu cür cinayətləri davam etdirir və, təəssüf ki, davam etdirəcəkdir.

Bundan sonra “SƏRHƏD” sənədli filmi ictimaiyyətə təqdim olundu.

Ssenari müəllifi və rejissor Etibar Məmmədov bildirdi ki, bu günə qədər çoxlu sayda sənədli filmlər üzərində işləsə də, “SƏRHƏD” sənədli filmi ilə əlaqədar çəkilişlər aparmaq, erməni hərbçiləri tərəfindən bilərəkdən öldürülmüş körpə uşaqların valideynlərindən müsahibələr almaq mənəvi cəhətdən çox ağır idi. O, dedi ki, 18 aylıq Zəhra Quliyevanın qətli Xocalı, Qaradağlı, Meşəli, Ağdaban, hətta 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş soyqırımının davamıdır. “Bu siyasətin müəllifi dəyişməzdir və hər kəs onu tanıyır: Ermənistan və onun kriminal rejimi”.

DİGƏR XƏBƏRLƏR

Top