Azərbaycanın məşhur saytlarına girmək olmur - SƏBƏB

Bu gün Azərbaycanın bir neçə məşhur internet saytlarına girişdə problem yaranıb. "Yeniavaz.com" saytı xəbər verir ki, bu gün səhər saatlarından yaranan problem hələ də davam edir. Belə ki, musavat.com, oxu.az, tap.az, turbo.az, bina.az saytlarına girmək mümkün deyil.

Səhər saytlarında bu saytlara girmək istəyən bir çox vətəndaş problemin öz internetində və ya ölkədaxili olduğunu düşünüb.

"Yeniavaz.com" saytı olaraq məsələ ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən münasibət öyrənməyə çalışdıq. Nazirliyin mütəxəssislərindən birinin saytımıza bildirdiyinə görə, problemin ölkədaxili internetlə hər hansı əlaqəsi yoxdur. Səbəb sözügedən saytların serverlərinin yerləşdiyi DataCentrlərdə yaranmış texniki nasazlıqdır: "Həmin saytların serverləri eyni bazada yerləşir. Həmin DataCentrlərdə yerləşən digər ölkələrin saytlarında da eyni problem yaranıb".

Məsələ ilə bağlı sosial şəbəkədə "Yeni Müsavat" qəzetinin təsisçisi və baş redaktoru Rauf Arifoğlu bunları bildirib: "Hörmətli "Musavat.com" oxucuları! Avropada yaşanan problem səbəbindən Azərbaycanın, eləcə də Avropanın bir çox saytları, o cümlədən də "Musavat.com" saytı açılmır. Bu, son 10 ilin ən ciddi hadisəsidir. RBX SBG GRA LIM ERI DataCentrlər şöküb. Bizim server də bu DATA Centrlərdən birində yerləşir. Problem indiyədək rastlaşmadığımız tipdəndir. Yaxın saatlarda əlavə məlumat verəcəyik".

"Musavat.com" saytının redaktoru Xalid Kazımlı isə: "Saytın açılmasında və yenilənməsində gözlənilməz problem yaşanır. Proqramçılarımız problemi həll etməyə çalışırlar. Problem indiyədək rastlaşmadığımız tipdəndir. Son 2 ildə 1 dəqiqə fasiləmiz olmamışdı. Yaxın saatlarda ətraflı məlumat verəcəyik",-deyə qeyd edib.

Problemin gün ərzində həll olunacağı gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top