Manatla verilən kreditlər azalıb, dollarla verilən kreditlər artıb

Bu ilin oktyabr ayının əvvəlinə olan məlumata görə, Azərbaycanda banklar və bank olmayan kredit təşkilatları tərəfindən 12 milyard 437,2 milyon manat kredit verilib. Yeniavaz.com Mərkəzi Bankın açıqladığı sonuncu statistik göstəricilərə istinadən bildirir ki, ötən ilin analoji dövrü ilə müqayisədə verilən kreditlərin həcmi 25,9% və ya 4 milyard 347,9 milyon manat azalıb.

Məlumat üçün qeyd edək ki, ilin əvvəlindən davamlı olaraq azalan kredit qoyuluşu sentyabr ayında artıb. Belə ki, avqus ayı ilə müqayisədə sentyabr ayında banklar və bank olmayan kredit təşkilatları tərəfindən verilən kreditlərin həcmi 60,6 milyon manat artıb. Artım xarici valyutada verilən kreditlər üzrə olub. Milli valyutada verilən kreditlər isə azalıb. Son bir ayda milli valyutada verilən kreditlər 7,6 milyon manata azaldığı halda, xarici valyutada verilən kreditlər isə 68,2 milyon manat artıb.

Verilən kreditlərin həcmi ötən illə müqayisədə 25,9% azalsa da, problemli kreditlərin, yəni vaxtında geri qaytarılmayan kreditlərin həcmi artıb. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin oktyabr ayının əvvəlinə problemli kreditlərin həcmi 259,8 milyon manat və ya 16,2% artaraq 1 milyard 857,1 milyon manata yüksəlib.

Qeyd edək ki, oktyabr əvvəlinə vaxtı keçmiş kreditlər ümumi kredit portfelində 14,9% paya malik olub. Problemli kreditlərin həcmi bugünə kimi qeydə alınan ən yüksək səviyyəyə çatıb. Onu da bildirək ki, vaxtı keçmiş kreditlərin ümumi kredit portfelindəki paya sentyabr ayının əvvəlində 14,7%, avqust ayının əvvəlində 14,1%, iyul ayının əvvəlində 13%, iyun ayının əvvəlində 11,8%, may ayının əvvəlində 10,3%, aprelin əvvəlində 10,2%, ötən ilin sonunda 9%, bir il bundan əvvəl isə 9,5% olub.

Onu da bildirək ki, milli valyutada verilən 7 milyard 214,7 milyon manatlıq kreditlərin 949 milyon manatı, xarici valyutada verilən 5 milyard 222,5 milyon manatlıq kreditlərin isə 785,4 milyon manatı vaxtında geri qaytarılmayıb.

DİGƏR XƏBƏRLƏR

Top