Vəkillər Kollegiyası: "Dəyişikliklər xidmətlərin keyfiyyətinə müsbət təsir edəcək"

Vəkillər Kollegiyasının Rəyasət Heyəti Milli Məclisdə məhkəmələrdə nümayəndəlik institutunun təkmilləşdirilməsi ilə bağlı bir sıra qanunvericilik aktlarına əlavə və dəyişikliklərin qəbulu ilə bağlı məlumat yayıb.

Vəkillər Kollegiyasından verilən məlumata görə, qeyd olunan dəyişikliklərin ictimaiyyət arasında geniş müzakirəyə səbəb olmasını nəzərə alaraq, Vəkillər Kollegiyası aşağıdakıları diqqətə çatdırır:

“Adı çəkilən əlavə və dəyişikliklər ölkəmizdə aparılan mütərəqqi məhkəmə-hüquq islahatlarının davamıdır və öz mahiyyəti etibarilə hüquqi yardım institutunun yeni mərhələyə qədəm qoymasını təmin etməyə yönəlib. Bu dəyişikliklər ölkəmizdə əhaliyə göstərilən hüquqi xidmətlərin keyfiyyətinin artırılmasına müsbət təsir edəcək.

Azərbaycan prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanunun tətbiqi barədə 7 noyabr 2017-ci il tarixli Sərəncamı ilə vəkillərin sayının artırılması Vəkillər Kollegiyasına tövsiyə olunub. Buna nail olmaq üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən bütün zəruri tədbirlər həyata keçiriləcək.

Belə ki, çoxsaylı hüquqşünas vəkil olmaq üçün Vəkillər Kollegiyasına müraciət edib. Bununla bağlı, ən qısa zamanda ixtisas imtahanları keçiriləcək və imtahanları müvəffəqiyyətlə vermiş namizədlər vəkil adını qazanacaqlar. Eyni zamanda, hal-hazırda məhkəmələrdə çıxış edən nümayəndələr də, qanunvericiliyin tələblərinə uyğun olaraq müraciət etdikləri halda, Vəkillər Kollegiyası üzvlüyünə qəbul oluna bilərlər”.lent.az

DİGƏR XƏBƏRLƏR

Top