Nazir və icra başçıları arasında alim olanlar - SİYAHI

Azərbaycanın vəzifəli şəxslərinin bir çoxunun elmi dərəcəsi var. "Yeniavaz.com" xəbər verir ki, elmi işlə məşğul olanlar arasında nazirlərlə yanaşı, İcra hakimiyyəti başçıları da var. Əlavə şərh vermədən Azərbaycanın elmi işlə məşğul olan vəzifəli şəxslərinin siyahısını təqdim edirik.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Ramiz Mehtiyev:

Moskva Dövlət Universitetinin Müdafiə Şurasının iclasında fəlsəfə elmləri namizədi alimlik dərəcəsini almaq üçün dissertasiyasını müdafiə edib. 1993-cü ildə fəlsəfə elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib. 2001-ci ildə Nyu-York Elmlər Akademiyasının, 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilib. Akademikdir.

Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov tarix elmləri doktoru, professordur.

Kənd təsərrüfatı naziri Heydər Əsədov:

1983-1992-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunda müəllim, baş müəllim vəzifələrində işləyib, 1987-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsini alıb. 1992-1995-ci illərdə Türkiyənin Mərmərə Universitetinin doktorantı olub. 3 monoqrafiyanın və 30-dan çox elmi əsərin müəllifidir.

Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov:

1983-1985-ci illərdə Moskva şəhərində elmi fəaliyyətlə məşğul olub. 1996-cı ildə Nyu-York şəhərində Maunt Sent Vinsent kollecinin dil kurslarını bitirib. 1998-ci ildə Amerika Birləşmiş Ştatlarının Fulbrayt Assosiasiyasının təqaüdü ilə mükafatlandırılıb və İndiana Universitetində tədqiqatçı-professor vəzifəsində çalışıb, eyni zamanda, Universitetin Dil Mərkəzində təhsil alıb. 1990-cı ildə keçmiş SSRİ Təhsil Nazirliyinin Kollegiyasının qərarı ilə professor elmi adını alıb.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev:

1992-ci ilin yanvar ayında "1918-1930-cu illərdə - Azərbaycan mühacirətinin mədəniyyətşünaslıq aspektləri" mövzusunda dissertasiya müdafiə edərək "Fəlsəfə elmləri namizədi" elmi dərəcəsi alıb. 1992-1993-cü illərdə Bakı Politologiya və Sosial İdarəetmə İnstitutunun mədəniyyatşünaslıq kafedrasında baş müəllim olub.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova:

Siyasi elmlər doktoru, professordur. Azərbaycanda siyasi elmlər doktoru adını almış ilk qadındır.

Bildirək ki, 1985-ci ildə namizədlik dissertasiyası müdafiə edib və tarix elmləri namizədi alimlik dərəcəsinə layiq görülüb. 2001-ci ilin noyabrında "Azərbaycan Avropa inteqrasiya sistemində" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 2006-cı ilin dekabr ayından Bakı Dövlət Universitetinin Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının müdiri vəzifəsində çalışır. 2007-ci ilin sentyabr ayında Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya komissiyası tərəfindən Hicran Hüseynovaya professor adı verilib. Ölkəmizdə və xaricdə nəşr olunan bir çox elmi məqalənin, bir sıra metodiki vəsaitlərin, monoqrafiyaların, proqramların, kitabların müəllifidir.

Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov tibb elmləri namizədidir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı:

Tarix elmləri namizədi, dosentdir. Çoxsaylı elmi, elmi-publisistik, nəzəri, politoloji məqalələrin və bir neçə kitabın müəllifidir. 1985-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim, baş müəllim, dosent, kafedra müdiri, prorektor vəzifələrində çalışıb. Hazırda həmin universitetin dosentidir.

Baş Nazirinin müavini Elçin Əfəndiyev:

"Azərbaycan bədii nəsri ədəbi tənqiddə" mövzusunda namizədlik, "Ədəbiyyatda tarix və müasirlik problemi" mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib.

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov:

Elmi-pedoqoji fəaliyyətlə məşğuldur. Fəlsəfə doktoru, dosent, professordur.

Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev:

1998-ci ildə siyasi elmlər üzrə namizədlik dissertasiyası, 2004-cü ildə siyasi elmlər üzrə doktorluq dissertasiyasını müdafiə edərək alimlik dərəcəsi alıb. 2007-ci ildə Azərbaycan Respubliksı Ali Attestasiya Komissiyasının qərarı ilə professor adı verilib. Əsərləri rus, ingilis, latış, gürcü, dillərinə tərcümə olunub.

Elmi tədqiqatları:

- Heydər Əliyev və Azərbaycan diplomatiyası, neft strategiyası, milli şüur, siyasi mədəniyyətin təkmilləşdirilməsi problemlərinə həsr olunub.

Əsərləri:

- Millət ideyası: siyasi aspekt - Bakı, 1998.

- O, böyük siyasətə hazırdır - Bakı, 1999.

- Azərbaycan yeni diplomatiya məkanında - Bakı, 2000.

- Müstəqilliyimizin strategiyası - Bakı, 2002.

- Sülh və sabitlik Prezidenti - Bakı, 2004.

- Planetar təfəkkürlü lider - Bakı, 2007.

Goranboy Rayonu İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev iqtisad elmləri namizədidir.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov:

Moskva şəhərində namizədlik dissertasiyasını müdafiə edərək, iqtisad elmləri namizədi adına layiq görülüb. 1982-ci ilin 10 sentyabr tarixindən Azərbaycan Xalq Təsərrüfatı İnstitutu Maliyyə-Kredit kafedrasının baş müəllimi və İqtisadiyyat fakültəsinin dekanı vəzifəsinə təyin edilib, bu müddət ərzində müsabiqə yolu ilə kafedranın dosenti seçilib və 1988-ci ilin iyul ayının 8-ə qədər qeyd olunan vəzifələrdə işləyib. 2000-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun prorektoru vəzifəsinə təyin edilib. 2004-cü ildə "Azərbaycan Respublikasının Maliyyə potensialının formalaşması problemləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək, Azərbaycanda bu sahədə doktor adı almış ilk şəxslərdən biri olub. 2008-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsinə təyin edilib. Respublikada iqtisadiyyat, maliyyə və vergi problemləri ilə bağlı 200-dən çox elmi məqalənin, o cümlədən 10 dərslik, 8 dərs vəsaiti və 9 monoqrafiyanın müəllifidir. Məqalələrinin bir qisminin xarici ölkələrdə dərc edildiyi bildirilir.

Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov:

Bir neçə kitab və elmi məqalənin müəllifidir.

Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov iqtisad üzrə fəlsəfə doktorudur.

Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev:

İqtisadiyyat üzrə fəlsəfə doktorudur.

1993-cü ilin yanvar ayından 1993-cü ilin dekabr ayınadək Mingəçevir şəhər 11 saylı orta məktəbdə direktor vəzifəsində işləyib. 1997-ci ilin mart ayından 1999-cu ilin iyul ayınadək San-Marino BEA-nın Mingəçevir filialında müəllim, təcrübə rəhbəri çalışıb. "Sənaye müəssisələrinin iqtisadi tənzimləyiciləri", "Heydər Əliyev neft strategiyası əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönəlmişdir", "Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafı Proqramı (2005-2010 və 2015-ci illər)", "Ümummilli lider Heydər Əliyev - Azərbaycanın iqtisadi inkişaf strategiyasının banisidir", "Onun ideyalarını qorumağa və yaşatmağa çalışıram" və s. elmi əsərlərin və monoqrafiyaların müəllifidir.

Nicat

DİGƏR XƏBƏRLƏR

Top