İşləyən pensiyaçıların pensiyası orta hesabla 176 manat artırılıb

“Əmək pensiyaları haqqında” qanuna edilən dəyişikliklərə əsasən, yaşa görə pensiya təyin olunan şəxs işləməkdə davam edərsə, hər 6 ildən bir onun hesabında toplanam sosial sığorta haqqı 72-yə (6 il × 12 ay) bölünərək onun pensiyasının üzərinə gəlinir. Yeniavaz.com Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən açıqlanan məlumatlara istinadən bildirir ki, 1 iyul 2017-ci il tarixədək qüvvədə olan qanun yaşa görə pensiyaya çıxan şəxslərə pensiya təyin olunduqdan sonra uzun illər işləmələrinə və müəyyən məbləğdə kapital toplamalarına baxmayaraq pensiyalarını işlədikləri dövrdə yenidən hesablatdırmağa imkan vermirdi. Yəni yaşa görə pensiyaya çıxan şəxslər işləməkdə, pensiya kapitallarını toplamaqda davam etsələr də, yalnız əmək fəaliyyətini tam dayandırdıqdan sonra pensiyalarını yenidən hesablatdıra bilərdilər. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” qanuna edilmiş son dəyişikliklər bu məhdudiyyətin aradan qalxmasına səbəb olub.

Həmin dəyişikliklərə uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər və rayon şöbələri tərəfindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdən, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox müddətdə işləyən şəxslərin müraciətləri əsasında onların pensiyalarının yenidən hesablanaraq artırılması həyata keçirilir. Bu günədək respublika üzrə 7 min 692 nəfər pensiyaçı bu hüquqdan yararlanıb və onların pensiyasının aylıq məbləği orta hesabla 175,7 manat artırılıb. Artımlara yönəldilən əlavə vəsaitin aylıq məbləği isə 1,35 milyon manat təşkil edib.

Hazırda da bu proses davam edir və vətəndaşlar müraciət etdikdə onların hüququ yaranıbsa, pensiyalarının yenidən hesablanaraq nəticəsinə müvafiq məbləğdə artırılması həyata keçirilir.

DİGƏR XƏBƏRLƏR

Top