SOCAR bu il "Caspian American Forum Baku"ya təşkilati və maliyyə dəstəyi verə bilməyəcək

Dekabrın 8-də keçirilməsi planlaşdırılan "Birinci Beynəlxalq Caspian American Forum Baku"nun vaxtı dəyişdirilərək 2018-ci il iyunun 4-nə keçirilib.
Təşkilatdan verilən məlumata görə, bu barədə "Caspian European Club" və "Caspian American Club"un sədrinin birinci müavini və icraçı direktoru Telman Əliyev məlumat verib.

Forumun vaxtının dəyişdirilməsinin əsas səbəbi SOCAR-ın 2017-ci ilin dekabrında "Birinci Beynəlxalq Caspian American Forum Baku"ya lazımi təşkilati və maliyyə dəstəyi verməməsidir.

Bu barədə Klubun rəsmi müraciətinə cavab olaraq SOCAR prezidentinin müşaviri Murad Heydərov bildirib. M. Heydərov həmçinin deyib ki, dekabr ayında keçiriləcəyi halda SOCAR rəhbərlərindən heç biri fəxri qonaq və spiker qismində forumda iştirak edə bilməyəcək.

"Buna baxmayaraq, "Caspian American Forum Baku"nu ən yüksək səviyyədə təşkil etmək məqsədilə lazımi sayda sponsor və partnyor cəlb etmək üçün əlimizdən gələni edəcəyik. "Caspian American Forum Baku" Şimali və Cənubi Amerikadan Xəzər-Qara dəniz və Baltik regionlara daha çox şirkətlərin cəlb olunmasına yardım edəcək”, - deyə T. Əliyev qeyd edib.

"Məsələyə göstərilən diqqət və qayğıya görə Azərbaycan prezidenti, "Caspian European Club" və "Caspian American Club"un sədri İlham Əliyevə və Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlığımızı ifadə edirik. Biz həmçinin "Caspian American Forum Baku"ya göstərilən rəsmi dəstəyə görə Xarici İşlər Nazirliyinə, Mədəniyyət və Turizm Nazirliyinə, Kənd Təsərrüfatı Nazirliyinə, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə, eləcə də ABŞ-ın Azərbaycandakı Səfirliyinə təşəkkür edirik", - deyə o əlavə edib.

T. Əliyev xatırladıb ki, "Caspian American Forum Baku"da Şimali və Cənubi Amerika, həmçinin Xəzər-Qara dəniz, Aralıq dənizi və Baltik regionu dövlətlərini təmsil edən şirkətlərin 500-dən artıq nümayəndəsinin iştirakı gözlənilir. Bu forum Xəzər-Qara dəniz regionu, Şimali və Cənubi Amerika dövlətlərinin şirkət və bazarlarının biznes-dialoqunun, ticari əlaqələrinin, əməkdaşlığın yeni istiqamətlərinin stimullaşması üçün informasiya meydanıdır.

Forum enerji və neft-qaz layihələrinin müzakirəsinə, həmçinin alternativ energetikanın inkişafına həsr olunacaq. Tədbirdə eyni zamanda qeyri-neft, xüsusilə də maliyyə, nəqliyyat, aqrosənaye, turizm, inşaat, səhiyyə, təhsil və İKT sektorunun bugünkü aktual layihələrinə toxunulacaq. apa

DİGƏR XƏBƏRLƏR

Top