"İnsan tutduğu vəzifə üzrə vəzifələrini bilmirsə, ona nə isə izah etmək çətin məsələdir. "Salyan Oyl" şirkətinin Həmkarlar İttifaqı Təşkilatının sədrinə dəfələrlə izah edirsən ki, Həmkarlar İttifaqı Haqqında Azərbaycan Respublikası Qanununun 11-ci və digər maddələrinə əsasən, Həmkarlar ittifaqları işəgötürənin deyil, öz üzvlərinin əmək hüquqlarını müdafiə edir. Hətta məhkəmə prosesində də işçilərin xeyrinə olan fakt və qanunları görməməzlikdən gəlib, yalnız işəgötürənin xeyrinə danışmaq onun vəzifələrinə aid deyil". "Yeniavaz.com" xəbər verir ki, bunu hüquqşünas Azər Quliyev bildirib.
"Məsələn, işçilərin əmək müqaviləsində yazılıb ki, işəgötürən işçini işdən azad edərkən ona 10 aylıq əmək haqqı məbləğində müavinət ödəməlidir. İşçilər işdən çıxarılsada onlara bu pul ödənilməyib. Sədr də deyir ki, işçilər gəlib xahiş etsinlər, ərizə yazsınlar bu pulu onlara verək. Və ya imza etdiyi Kollektiv müqavilədə yazır ki, pensiya yaşına çatan işçilərin əmək müqaviləsi işəgötürən tərəfindən pozula bilər. Bunula da ona və kollektiv müqaviləyə aid olmayan halda işçilərin hüquqlarını məhdudlaşdırır. Mənə zəng edəndə bildirir ki, mən çinlilərə dedim ki, bu işçiləri işdən çıxaranda qanunlarımızı pozublar, məhkəmədə isə bunun əksinə danışır. Çətin məsələdir. Səhv düşəndə yerimiz burda deyiblər".
Hüquqşünas bir maraqlı məqama da aydınlıq gətirib: "İşçinin əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir: tarif (vəzifə) maaşı-işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əməkhaqqının əsas hissəsidir. Əməkhaqqına əlavə - əmək şəraiti ilə əlaqədar əvəz ödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əməkhaqqına müəyyən edilən əlavə ödəncdir. Mükafat (bonus) - əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əməkhaqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir. Mükafat (bonus) alan işçilərin, əməkhaqqına əlavə almaq hüququ məhdudlaşdırıla bilməz. Hesabda səhvə yol verilməsi halları istisna olmaqla, işəgötürən tərəfindən işçiyə artıq verilmiş əməkhaqqı, o cümlədən müvafiq qanun və digər normativ hüquqi aktların düzgün tətbiq edilməməsi nəticəsində verilən məbləğlər işçidən tutula bilməz".