Rusiya Prezidenti Vladimir Putin Türkiyənin “Nergis Holding” şirkətinin İdarə Heyətinin sədri Cavid Çağlara “Dostluq” ordeni verib.
“Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, dövlət mükafatı Kremldə keçirilmiş mərasimdə təqdim olunub. Mərasim Rusiyada bu gün qeyd edilən Xalq Birliyi Gününə həsr olunub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Administrasiyasında C. Çağları Moskva-Ankara münasibətlərinin normallaşması prosesində vasitəçilərindən biri adlandırırdılar.
Tədbirdə çıxış edən C. Çağlar qeyd edib ki, Rusiyadakı köhnə dostları iki ölkə arasındakı münasibətlərdə yaranmış müvəqqəti çətinliklərin həll yolunun axtarışında R. T. Ərdoğan və V. Putinə kömək ediblər.
O, münasibətlərin bərpa olunmasında Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisi, Türkiyə XİN rəhbəri, R. T. Ərdoğanın mətbuat katibi, V. Putinin köməkçisi Yuri Uşakov, Dağıstanın keçmiş başçısı Ramazan Abdulatipov, V. Putinin mətbuat katibi Dmitri Peskov, Azərbaycan Baş nazirinin keçmiş birinci müavini Abbas Abbasov, Türkiyə Silahlı Qüvvələrinin istefada olan briqada generallarından birinin səylərini qeyd edib.