Xərçəngdən dünyasını dəyişən məmur balaları, müğənnilər, aktyorlar - SİYAHI

İndiyədək çoxlu sayda azərbaycanlı tanınmış xərçəng xəstəliyindən dünyasını dəyişib. Bugünlərdə xalq artisti, məşhur diktor Rafiq Hüseynovun xərçəng xəstəliyindən həyatını itirməsi bu mövzunu yenidən diqqət mərkəzinə gətirdi.

Saytlarda son günlər xərçəng xəstəliyindən dünyasını azərbaycanlı məşhurlarla bağlı məlumat verilsədə, bir çox tanınmışın adları bu siyahılara salınmayıb. Hazırladığımız bu siyahıda xərçəng xəstəliyindən dünyasını dəyişən məmur balaları, müğənnilər, aktyorlar, idmançılarla yanaşı, hazırda bu xəstəlikdən əziyyət çəkən məşhurlar da yer alıb.

Azərbaycanın Müdafiə Sənayesi naziri Yavər Camalovun oğlu xərçəng xəstəliyindən əziyyət çəkirdi. Nazir Yavər Camalovun oğlu, 44 yaşlı Rövşən Camalov Türkiyədəki özəl xəstəxanalardan birində dünyasını dəyişib.

Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibovun oğlu Azad Mütəllibov xərçəng xəstəsi idi. Sabiq prezidentin böyük oğlu, 1962-ci il təvəllüdlü Azad Mütəllibov bir neçə il öncə uzun sürən xərçəng xəstəliyindən dünyasını dəyişib.

Xalq şairi Vaqif Səmədoğlu mədə xərçəngindən əziyyət çəkirdi. Vaqif Səməd oğlu Vəkilov 1939-cu il iyunun 5-də Bakı şəhərində anadan olub. Azərbaycanın xalq şairi, əməkdar incəsənət xadimidir, "Şöhrət" ordeni ilə təltif edilmişdi. İkinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdu.

Şahmat üzrə Azərbaycan milli komandasının sabiq üzvü, qrossmeyster Vüqar Həşimov bədxassəli şişdən əziyyət çəkirdi. O, Almaniyanın Heydelberq klinikasında dünyasını dəyişib. Vüqar Həşimov 1986-cı il iyulun 24-də Bakıda anadan olmuşdu. O, üçqat Azərbaycan çempionu tituluna sahib idi. 2009-cu ildə Azərbaycan yığmasının heyətində Avropa çempionu adını qazanan qrossmeyster 2011-ci ilin yanvarında Recco-Emiliya şahmat turnirinin qalibi olmuşdu.

Azərbaycandalı boksçu Emil İsrafilbəyov (Emil Baku) da xərçəng xəstəliyindən dünyasını dəyişənlərdəndir. Qeyd edək ki, Emil İsrafilbəyov 1972-ci il təvəllüd idi.

Emil və qardaşı Rüfət İsrafilbəyov 1990-cı illərin əvvəllərində ABŞ-a köçmüşdülər. Emil və qardaşı peşəkar boksla məşğul olurdular.

Dünyaca məşhur azərbaycanlı, qeyri-səlis məntiq nəzəriyyəsinin müəllifi, ABŞ-ın Kaliforniya ştatındakı Berkli Universitetinin fəxri professoru Lütfi Zadənin qızı Stella Zadə xərçəng xəstəliyindən illər öncə xərçəng xəstəliyindən vəfat edib. Stella Zadə 59 yaşında dünyasını dəyişib.

Mərhum Prezident Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev də xərçəng xəstəliyindən əziyyət çəkirdi. Onun oğlu Hürü Əliyev bildirib ki, atası bu xəstəlikdən əziyyət çəkməsini heç kimə bildirməməyi xahiş etmişdi və onun istəyi yerinə yetirilib.

Xalq artisti Nuriyyə Əhmədovanın oğlu Əli İslamzadə bir neçə il öncə xərçəng xəstəliyindən dünyasını dəyişib.

Tanınmış teleaparıcı Afaq Gəncəlinin 12 yaşlı oğlu Qədirxan xərçəng xəstəliyindən vəfat edib. Onun oğlu uzun müddət Türkiyənin paytaxtı Ankarada bu xəstəlikdən müalicə olunsa da, heç bir faydası olmayıb və dünyasını dəyişib.

Mərhum rejissor Şahin Zəkizadə qan xərçəngindən əziyyət çəkirdi. Xəstəlik onda qəfil üzə çıxdı və 6 ay sonra dünyasını dəyişdi.

Sevilən aktyor, əməkdar artist Ələsgər Məmmədoğlu qaraciyər xərçəngindən əziyyət çəkirdi. Bu xəstəlikdən əziyyət çəkməsi son günədək ona bildirilməyib. O, 2 il öncə dünyasını dəyişib.

Musiqili Teatrın aktrisası Xanım Qafarova 3 il öncə xərçəng xəstəliyindən dünyasını dəyişib. Onun müalicəsinə dövlət səviyyəsində yardım göstərilsə də, heç bir effekti olmadı və dünyasını dəyişdi.

Azərbaycanlı opera müğənnisi Muxtar Rəsuloğlu bir neçə il öncə xərçəng xəstəliyindən vəfat edib. O, həm Azərbaycanda, həm də Türkiyədə əməliyyat olunmuşdu, lakin bütün bunlara baxmayaraq, 59 yaşında dünyasını dəyişdi.

Jurnalist Gülər Məmmədova bədxassəli şiş xəstəliyindən əziyyət çəkirdi. O, bir müddət əvvəl bu xəstəlikdən dünyasını dəyişib.

Hərbi jurnalist Rahib Qəribin xərçəng xəstəsi olan həyat yoldaşı bir neçə ay öncə dünyasını dəyişib.

Bu şəxslər indi də xərçənglə mübarizə aparırlar

Hazırda bu xəstəlikdən əziyyət çəkən azərbaycanlı tanınmışlar da az deyil:

- Xalq artisti Fuad Poladovda bu xəstəlik yenicə aşkarlanıb.

- Əməkdar artist Kübra Əliyeva uzun illərdir süd vəzisi xərçəngindən əziyyət çəkir. O bir neçə dəfə əməliyyat olunub və bununla əlaqədar saçlarını da keçəl qırxdırmalı olmuşdu.

- Tanınmış teleaparıcı Hacı Nuran qan xərçəngindən əziyyət çəkir. O, bir neçə dəfə Alminayada müalicə olunub. Dövlət səviyyəsində bu işdə ona köməklik göstərilir.

- Aparıcı Zümrüd Qasımova da xeyli vaxtdır xərçəng xəstəliyindən əziyyət çəkir. Vaxtında edilən müalicə və müdaxilələr onun özünü yaxşı hiss etməsinə şərait yaradıb. O, hazırda ARB TV-də aparıcılıq edir. Xəstəliyi ilə bağlı danışan aparıcı insanlara pozitiv olmağı məsləhət görüb.

- Əməkdar artist Coşqun Rəhimov uzun illərdir qalxanabənzər vəzinin xərçəngi ilə mübarizə aparır. Son illərdə dəfələrlə əməliyyat olunan aktyorun vəziyyəti yaxşıdır, tamaşalarda çıxış edir.

- Əməkdar artist Kəmalə Müzəffərdə də bir müddət öncə xərçəng xəstəliyi aşkarlanıb. O, dəri xərçəngi xəstəliyindən əziyyət çəkir.

- Futbolçu Rüfət Musayevdə xərçəng xəstəliyi aşkarlanıb. 28 yaşlı futbolçu bir neçə dəfə əməliyyat olub.

- Jurnalist İlhamə Kərimova 2007-ci ildən xərçəng xəstəliyindən əziyyət çəkir.

- Jurnalist Mətanət Şamilqızında bir müddət əvvəl onkoloji xəstəlik aşkarlanıb.

Xərçəng aşkarlanan türkiyəli tanınmışlar...

Qardaş Türkiyədə də xərçəng xəstəliyindən əziyyət çəkən və ya dünyasını dəyişən tanınmışlar az deyil.

- Tanınmış müğənni Kayahan 1990-cı ildən başlayaraq xərçəng xəstəliyindən müalicə olunurdu. Bir müddət vəziyyəti yaxşılaşsa da, 2001-ci ildə vəziyyəti yenidən pisləşmişdi. Uzun illər müalicə olunan Kayahan 2015-ci ildə bu xəstəlikdən dünyasını dəyişib.

- Türk müğənni Naşide Göktürkdə xərçəng xəstəliyi aşkarlanıb.

- Türkiyənin məşhur "MFÖ" qrupunun üzvü Özkan Uğur da xərçəng xəstəsidir. Ona linfa xərçəngi diaqnozu qoyulub. "MFÖ" qrupu daha çox "Sarı Lalələr" adlı mahnı ilə tanınır.

- Tanınmış türk müğənnisi Fatih Erkoç xərçəng xəstəliyindən əziyyət çəkir. İfaçı limfoma xərçənginə tutulub.

Türkiyəli müğənni Rafet El Romanın qızlarının anası, keçmiş model, 1996-cı ildə "Miss Türkiyə Gözəli" seçilən Tuğba Altıntopda boğaz xərçəngi aşkarlanıb.

Nicat

DİGƏR XƏBƏRLƏR

Top