Müavinətlərin əhaliyə çatdırılması xidməti pisləşə bilər

2018-ci ildə pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərclərinə 20,5 milyon manat və ya Fondun ümumi xərclərinin 0,6%-i qədər vəsaitin sərf ediləcəyi proqnozlaşdırılır. Yeniavaz.com Hesablama Palatasının “Sosial təminatı və sosial müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında" Qanun layihəsinə verdiyi Rəyə istinadən bildirir ki, bu, 2016-cı il üzrə müvafiq icra göstəricisindən 6,03 milyon manat və ya 41,7% çox olsa da 2017-ci ilin gözlənilən icra göstəricisindən isə 5,6 milyon manat azdır və ya cari il üzrə göstəricilərin 78,5%- i qədərdir. Qanun layihəsinə əsasən Fondun ümumi xərclərinin 2,6%, o cümlədən əhaliyə ödənişlər üzrə xərclərin 2,7% artacağı şəraitdə ödənişlərin əhaliyə çatdırılması xərclərində kəskin azalma bu istiqamət üzrə proqnoz göstəricisinə yenidən baxılmasının zəruriliyini deməyə əsas verir. Cari il üzrə gözlənilən icra göstəricisinin proqnoz göstəricisini 5,1 milyon manat və ya 24,3% üstələməsi də qeyd olunanları bir daha sübut edir. Bununla belə, qeyd edilməlidir ki, 2017-ci ilin I yarısında bu xərc istiqaməti üzrə 11,8 milyon manat proqnoza qarşı 11,67 milyon manat və ya proqnoz məbləğinin 98,9%-i qədər vəsait xərclənib. Yarimillik dövrdə kəsirlə icra şəraitində ilin sonuna proqnozdan artıq vəsaitin xərclənməsi gözlənilir ki, bu da ilin sonuna müddəti bitəcək plastik kartların yenisi ilə əvəz edilməsi üçün müvafiq sifarişlərin veriləcəyi ilə əlaqələndirilə bilər.

DİGƏR XƏBƏRLƏR

Top