Ermənistanda qan dövranı, Azərbaycanda isə həzm sistemi xəstəlikləri kəskin artıb

Son 17 il ərzində - 2000-2016-cı illərdə Ermənistanda qan dövranı sisteminin xəstəliklərindən əziyyət çəkən insanların 2,8 dəfə artıb. Yeniavaz.com-un MDB Dövlətlərarası Statistıka Komitəsinin açıqladığı statistik göstəricilərə istinadən apardığı hesablamalar göstərir ki, 2000-ci ildə Ermənistanda qan dövranı sisteminin xəstəliklərini daşıyan 20 min insan olubsa, bu ilin əvvəlinə oan məlumata görə bu göstərici 56 minə yüksəlib. Qeyd edək ki, Ermənistanda hər 10000 insandan 186-sı qan dövranı sisteminin xəstəliklərini daşıyır. Müqayisə üçün bildirək ki, Azərbaycanda bu göstərici hər 10000 nəfərə 148 olub.

İnfeksion və parazitar xəstəliklər daşıyanların sayı son 17 ildə Ermənistanda 65 mindən 75 minə yüksəlib. Ermənistanda hər 10000 nəfərin 250-si bu xəstəlikdən əziyyət çəkir. Onu da bildirək ki, Azərbaycanda infeksion və parazitar xəstəliklərə yoluxan insanların sayı 117 min nəfər olub və bu rəqəm 17 il əvvəl daha çox 152 min olub. Azərbaycanda hər 10000 nəfərin 121-i bu xəstəlikdən əziyyət çəkir.

Ermənistanda ən çox yayılan xəstəlik isə tənəffüs orqanlarının xəstəlikləri olub. Bədnam qonşumuzda bu xəstəliyə yoluxanların sayı son 17 ildə 267 mindən 344 minə yüksəlib. Hər 10000 nəfər arasında bu xəstəliyə yoluxanların sayı 1146 nəfər olub. Azərbaycanda da bu xəstəliyə düçar olanların sayında artım olub. Belə ki, son 17 ildə Azərbaycanda tənəffüs orqanlarının xəstəliklərindən əziyyət çəkən insanların sayı 609 mindən 749 minə çatıb.

Həzm sisteminin xəstəliklərindən əziyyət çəkən xəstələrin sayı Ermənistanda 54 min nəfər, Azərbaycanda isə 163 min nəfər olub. Hər 10000 nəfərə düşən xəstələrin sayı isə Ermənistanda 180, Azərbaycanda isə 169 nəfər təşkil edib. Son 17 il ərzində həzm sisteminin xəstəliklərinə yoluxan insanların sayı Ermənistanda 25,5% və 11 min, Azərbaycanda isə 2 dəfə və ya 83 min nəfər artıb.

DİGƏR XƏBƏRLƏR

Top