MDB-də əmək haqqı: Rusiyada 660, Ermənistanda 394, Azərbaycanda 308 dollar SİYAHI

Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olan ölkələr arasında nominal orta aylıq əmək haqqının artım tempinə görə ilk sırada Ukrayna qərarlaşıb. Yeniavaz.com-un MDB Dövlətlərarası Statistıka Komitəsinin açıqladığı statistik göstəricilərə istinadən apardığı hesablamalar göstərir ki, ötən ilin yanvar-sentyabr ayı ilə müqayisədə bu ilin ilk 9 ayı ərzində Ukraynada nominal orta aylıq əmək haqqı 37,2% artıb. 2017-cı ilin oktyabar ayının əvvəlinə olan məlumata görə orta aylıq əmək haqqının məbləği Ukraynadan sonra ən çox Tacikistanda yüksəlib. Bu ilin ilk 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə bu ölkədə nominal orta aylıq əmək haqqı 23,9% artıb. Ən az artım Ermənistanda qeydə alınıb. Ermənistanda nominal orta aylıq əmək haqqı ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə bu ilin yanvar-sentyabr aylarında cəmi 2,4% artıb. MDB-yə üzv olan digər ölkələrə gəldikdə isə qeyd edək ki, 2017-ci ilin yanvar-sentyabr aylarında nominal orta aylıq əmək haqqı Belarusda 10,4%, Qırğızıstanda 6,5%, Qazaxıstanda 3%, Rusiyada isə 6,7% artıb. Nominal orta aylıq əmək haqqı ötən ilin ilk 9 ayı ilə müqayisədə bu ilin ilk 9 ayında Azərbaycanda 7,4% artıb.

Əmək haqqının real dəyəri Azərbaycanda 5,8%, Qazaxıstanda isə 4,2% aşağı düşüb

Nominal orta aylıq əmək haqqından fərqli olaraq real orta aylıq əmək haqqında azalma Azərbaycan və Qazaxıstanda qeydə alınıb. 2016-cı ilin yanvar-sentyabr ayları ilə müqayisədə bu ilin yanvar-sentyabr aylarında əmək haqqının real dəyəri Azərbaycanda 5,8%, Qazaxıstanda isə 4,2% aşağı düşüb. Digər ölkələrdə isə real orta aylıq əmək haqqında artım olub. Real orta aylıq əmək haqqı ən çox Ukraynada artıb. Ukraynada əmək haqqının dəyəri 19,8% artıb. Bundan başqa real orta aylıq əmək haqqı Ermənistanda 1,8%, Tacikistanda 15,1%, Rusiyada 2,5%, Qırğızıstanda 3,4%, Belarusda isə 2,8% artıb.

MDB-də ən yüksək əmək haqqını Rusiya, ən aşağı əmək haqqını Tacikistanda alınır

Orta aylıq əməkhaqqının məbləğinə gəldikdə isə qeyd edək ki, MDB ölkələri arasında ən çox əmək haqqı Rusiyada verilir. 2017-cı ilin sentyabr ayında Rusiyada orta aylıq əmək haqqı 660 dollara (38 min 290 rubl) bərabər olub. Rusiyadan sonra ikinci sırada Qazaxıstan qərarlaşıb. Bu ölkədə orta aylıq əmək haqqı 428 dollar (143 min 345 tengə) olub. Azərbaycan bu siyahıda 5-ci sırada yer alıb. Ölkəmizdə orta aylıq əmək haqqının məbləği 308 dollar (524,7 manat) olub. MDB-nin digər ölkələrinə gəldikdə isə orta aylıq əmək haqqı Ermənistanda 394 dollara (189 min 928 dram), Belarusda 401 (789,9 rubl), Qırğızıstanda 215 (14 min 801 som), Ukraynada 255 (6 min 847 qrivna), Tacikistanda isə 105 dollara (923,9 somoni) bərabər olub.

DİGƏR XƏBƏRLƏR

Top