Gözəl Bayramlı ilə Əfqan Muxtarlının cinayət işləri üzrə istintaq yekunlaşıb

AXCP sədr müavini Gözəl Bayramlı və jurnalist Əfqan Muxtarlının cinayət işləri üzrə istintaq yekunlaşıb. Bu barədə vəkil Elçin Sadıqov məlumat verib.

O bildirib ki, Ə.Muxtarlının cinayət işi “Meydan TV” əməkdaşları barəsindəki cinayət işindən ayrılıb. Hər iki iş üzrə materiallarla tanışlıq mərhələsinə başlanılıb.

İttihama görə, Ə. Muxtarlı mayın 29-da Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılarkən o, xidmət əməkdaşlarına müqavimət göstərib. Ə. Muxtarlı inzibati qaydada tutularaq üzərinə şəxsi axtarış keçirilib, ondan külli miqdarda nağd pul vəsaiti və digər əşyalar aşkarlanıb.

Ə. Muxtarlıya qarşı Cinayət Məcəlləsinin 318-ci (dövlət sərhədini qanunsuz olaraq keçmə), 206-cı (qaçaqmalçılıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə ittiham irəli sürülüb.

Rəsmi məlumata görə, 25 may 2017-ci il tarixdə saat 22 radələrində Azərbaycan vətəndaşı Bayramova Gözəl Oruc qızı Gürcüstandan Azərbaycan ərazisinə keçərkən Qazax rayonunun Şıxlı sərhəd nəzarət buraxılış məntəqəsində Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə keçirilmiş tədbirlər nəticəsində saxlanılıb. Belə ki, G.Bayramova özünü şübhəli apardığına görə əl yükünə baxış keçirilərkən bəyan edilməmiş 12 min ABŞ dolları məbləğində pul vəsaiti aşkar olunaraq götürülüb.

Faktla bağlı Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Hər iki şəxs ittihamı qəbul etmir.qafqazinfo

DİGƏR XƏBƏRLƏR

Top