Sahibkarlıq üçün ən əlverişli ölkələrin SİYAHISI: Gürcüstan 9-cu, Ermənistan 47-ci, Azərbaycan 57-ci sırada

Dünya Bankı ayrı-ayrı ölkələrdə sahibkarlıq fəaliyyətinin vəziyyətini əks etdirən növbəti - "Doing Business-2018" adlı hesabatını açıqlayıb. Yeniavaz.com açıqlanan hesabata istinadən bildirir ki, ölkəmiz Dünya Bankının sonuncu hesabatında 190 ölkə arasında 57-ci sırada qərarlaşıb. Ötənilki hesabatda isə Azərbaycan 190 ölkə arasında 65-ci sırada yer alıb. Hesabatda ölkəmiz ən yaxşı nəticəni minoritar investorların müdafiəsi sahəsində göstərib. Azərbaycan bu sahədə 190 ölkə araasında 10-cu sırada qərarlaşıb.

Gürcüstanda biznesə başlamaq üçün 2, Ermənistanda və Azərbaycanda isə 4 sənəd tələb olunur

Məlumat üçün xatırladaq ki, Dünya Bankı sahibkarlıq fəaliyyətinin vəziyyətini öyrənmək məqsədilə biznesə başlamaq, tikintiyə icazə almaq, kredit ala bilmək, sərhəddən mal keçirmək, mülkiyyətin qeydə alınması, investorların qorunması, vergilərin ödənilməsi və müqavilələrin yerinə yetirilməsi ilə bağlı sahələr üzrə hər il dünya ölkələrini əhatə edən araşdırmalar aparır və nəticələri "Doing Business" adlı hesabata daxil edir. Dünya Bankının "Doing Business-2018" adlı sonuncu hesabatında biznesə başlamaq üçün tələb olunan sənədlərin sayına və icazənin verilmə müddətinə görə Azərbaycan 190 ölkə arasında 18-ci sırada yer alıb. Ötən illə müqayisədə bu sahədə Azərbaycanın mövqeyi 13 pillə pisləşib. "Doing Business-2017" hesabatında biznesə başlamaq sahəsində Azərbaycanın mövqeyi 5-ci sıra olub. Region ölkələri arasında bu sahədə ən yaxşı vəziyyət Gürcüstanda qeydə alınıb. Gürcüstanda biznesə başlamaq üçün 2, Ermənistanda və Azərbaycanda isə 4 sənəd tələb olunur. Gürcustanda icazəni 2 günə almaq mümkün olduğu halda Ermənistan və Azərbaycanda isə 4 gün yarıma almaq olur. Rusiyada biznesə başlamaq üçün 4 sənəd və 10 gün vaxt lazımdır. Qazaxıstanda bu göstərici müvafiq olaraq 5 sənəd və 9 gün, Türkiyədə 7 sənəd və 6 gün yarım, İranda isə 8,5 sənəd və 15 gün təşkil edir.

Mülkiyyətin qeydə alınması ilə bağlı sahədə Ermənistan 190 ölkə arasında 13 yerdə qərarlaşıb

Mülkiyyətin qeydə alınması ilə bağlı sahədə Azərbaycan 190 ölkə arasında 21-ci yerdə qərarlaşıb. Hesabatda qeyd olunur ki, Azərbaycanda vətəndaşlar mülkiyyətlərini cəmi 5 gün yarıma qeydə aldıra bilirlər. Bu proseduru həyata keçirmək üçün isə cəmi 3 sənəd tələb olunur. Region ölkələri arasında bu sahədə ən yaxşı vəziyyət Gürcüstanda qeydə alınıb. Gürcüstanda mülkiyyəti qeydə aldırmaq üçün cəmi 1 sənəd tələb olunur və bu prosedur 1 gün ərzində yekunlaşır. Gürcüstan həm də 190 ölkə arasında 4-cü yerə sahib olub. Ermənistanda bu sahədə vəziyyət Azərbaycanla müqayisədə daha yaxşıdır. Mülkiyyətin qeydə alınması ilə bağlı sahədə Ermənistan 190 ölkə arasında 13 yerdə qərarlaşıb. Gürcüstanda mülkiyyəti qeydə aldırmaq üçün cəmi 3 sənəd tələb olunur və qeydiyyat 7 gün ərzində başa çatır. Qardaş Türkiyədə isə mülkiyyəti 7 günə qeydə aldırmaq olunur və bunun üçün 7 sənəd təqdim etmək lazımdır.

Azərbaycanda tikintiyə başlamaq istəyən şəxs müvafiq icazənin almaq üçün 242 gün gözləməlidi

Ölkəmiz sahibkarlıq fəaliyyətinin vəziyyətini əks etdirən hesabatda ən pis nəticəni ötənilki hesabatda olduğu kimi tikintiyə icazə almaq və sərhəddən mal keçirməklə bağlı sahələr üzrə göstərib. Dünya bankının son hesabatında qeyd olunur ki, Azərbaycanda tikintiyə icazə almaq üçün 21 adda sənəd tələb olunur. Tikintiyə başlamaq istəyən şəxs müvafiq icazənin almaq üçün 242 gün gözləməlidi. Bu sahə üzrə Azərbaycanın reytinq siyahısındakı mövqeyi 190 ölkə arasında 161-ci yerdir. Qeyd edək ki, ötən ilki hesabatda Azərbaycan 190 ölkə arasında 127-ci sırada qərarlaşmışdır. Kredit alınması ilə bağlı vəziyyət də ürəkaçan deyil. Bu sahədə Azərbaycanının mövqeyi 190 ölkə arasında 120-ci olub. Elektrik enerjisi şəbəkəsinə qoşulmaqla bağlı vəziyyətinə gəldikdə qeyd edək ki, Azərbaycan 190 ölkə arasında 102-ci yerdə qərarlaşıb. Elektrik enerjisi şəbəkəsinə qoşulmaq üçün 7 sənəd, 69 gün vaxt lazımdır. Vergilərin ödənilməsi sahəsində 190 ölkə arasında 35-ci sırada qərarlaşıb. Bundan başqa "Doing Business-2018" hesabatında bildirilir ki, sərhəddən mal keçiriləməsi sahəsində ölkəmiz 83-cü, müqavilələrin yerinə yetirilməsi üzrə 38-cü yeri tutur.

Ən böyük geriləmə Ermənistanın mövqeyində qeydə alınıb - 9 pillə

Son bir il ərzində MDB və region ölkələri arasında öz mövqeyini ən çox yaxşılaşdıran Türkiyə, Azərbaycan və Gürcüstan olub. Dünya Bankının ötən ilki hesabatında 69-cu sırada olan Türkiyə builki hesabatda 60-cı sırada yer alıb. Türkiyə siyahıdakı yerini 9, Azərbaycan 8, Gürcüstan 7 pillə yaxşılaşdırıb. Bundan başqa Ukraynanın mövqeyi 4, Rusiyanın mövqeyi 5 pillə yüksəlib. Ötən illə müqayisədə nəticəsi pisləşən ölkələr isə Qazaxıstan (1 pillə geriləyib), Belarus (1 pillə), Ermənistan (9 pillə) və İran (4 pillə) olub. Moldovanın mövqeyi isə dəyişməz qalıb - 44-cü pillə.

Nəticədə Gürcüstan 9-cu, Rusiya 35-ci, Qazaxıstan 36-cı, Belarus 38-ci, Moldova 44-cü, Ermənistan 47-ci, Azərbaycan 57-ci, Türkiyə 60-cı, Ukrayna 76-cı, İran 124-cü sırada qərarlaşıblar

Sahibkarlıq üçün ən əlverişli ölkələrin siyahısında 1-ci yer Yeni Zelandiyaya, 190-cı yer Somaliyə məxsusdur

Ümumiyyətlə sahibkarlıq fəaliyyətinin vəziyyətini əks etdirən "Doing Business-2018" adlı hesabatda ən yaxşı nəticəni Yeni Zelandiya, Sinqapur, Danimarka, Cənubi Koreya, Honkonq, ABŞ, Böyük Britaniya, Norveç, Gürcüstan və İsveç göstərib. Sahibkarlıq fəaliyyətinin ən pis vəziyyətdə olduğu ölkələrin siyahısına isə Somali, Eriteriya, Venesuela, Cənubi Sudan, Yəmən, Liviya, Mərkəzi Afrika Respublikası, Əfqanıstan, Konqo Demokratik Respublikası, Haiti və Çad başçılıq edirlər.

DİGƏR XƏBƏRLƏR

Top