Bakı-Tiflis-Qarsda gediş haqqının məbləği müəyyənləşib?

Oktyabrın 30-da Azərbaycanın təşəbbüsü ilə icrasına başlanan Bakı-Tiflis-Qars dəmiryol xətti istismara verildi. Dəmiryol xəttinin texniki imkanlarına dair verilən məlumata görə, Ələtdən yola çıxan qatar 16-18 saata Türkiyənin Qars şəhərinə çatacaq. Marşrutun işə salınması həm də Azərbaycanla Türkiyə arasında ilk dəmiryol əlaqəsinin yaranması deməkdir.

Buna görə də Bakı-Tiflis-Qars qatarı ilə Türkiyəyə getməyin nə zaman mümkün olacağı hamını maraqlandırır. Bundan başqa, insanlar həm də bu marşrutda gediş haqqının nə qədər olacağını maraq edirlər.

Onu da qeyd edək ki, hələlik Bakı-Tiflis-Qars xətti İlə yalnız yüklərin daşınması nəzərdə tutulur. Sərnişindaşımaya isə 2018-ci ildə başlanması planlaşdırılır.

Xatırladaq ki, 2015-ci ildə Dövlət Dəmir Yolu ASC İsveçrənin “Stadler Rail Group” şirkətindən Gələcəkdə Bakı-Tbilisi-Qars marşrutu üzrə hərəkət edəcək qatarlar üçün 30 vaqon sifariş edib. Ötən ilin sentyabrında şirkət hazır olan ilk qatarı nümayiş etdirib. Vaqonlar “standart”, “komfort”, “biznes” və “restoran” olmaqla, dörd kateqoriyada istehsal olunur. Kateqoriyasından asılı olaraq vaqonlar 10, 20 və 32 yerlik olacaq. Vaqonlardan 18-i 4 yerlik kupelərdən ibarət ikinci klass, 3-ü ikiyerlik kupedən ibarət birinci klass vaqonlardır. Eləcə də əlillər üçün kupe və 28 nəfərlik vaqon-restoran var. Vaqonlarda sərnişinlərin müasir məlumatlandırma sistemi, vakkum sistemli tualetlər (birinci klassda hər kupedə), duş (birinci klassda hər kupedə), kondisioner sistemi quraşdırılıb.

Dövlət Dəmir Yolu QSC-nin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirlinin “Yeni Müsavat”a verdiyi məlumata görə, Bakı-Tiflis-Qars xətti ilə sərnişindaşımaya başlanacağı tarix hələ dəqiqləşməyib. Həmçinin İsveçrədən sifariş olunan qatarlar da Azərbaycana çatdırılmayıb. Bütün bunların ilin sonunadək yekunlaşacağı, xətlə gediş haqqının da həmin vaxtda müəyyənləşəcəyi gözlənilir. Musavat.com

DİGƏR XƏBƏRLƏR

Top