Pakistan Senatı: İşğal olunmuş torpaqlarda abidələrin dağıdılması qəbuledilməzdir - FOTO

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkə Senatının sədr müavini Mövlana Abdul Qafur Heydəri ilə görüşüb. Səfirlikdən verilən məlumata görə, görüşdə Azərbaycan və Pakistan parlamentləri arasında mövcud olan sıx əlaqələr, iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin yaranmasında parlamentlərin önəmli rolu, hər iki ölkənin nüfüzlu beynəlxalq təşkilatlar, xüsusən İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq etdiyi qeyd olunub.

Pakistan Senatının xarici əlaqələr komitəsi tərəfindən Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi, Xocalı soyqırımının tanınması və Ermənistanın işğal olunmuş Azərbaycan torpaqlarından dərhal çıxmasını tələb edən qətnamələrin qəbul edilməsinin yüksək qiymətləndirildiyi, Ermənistanın işğal olunmuş qədim Azərbaycan torpaqlarında İslam aləminə aid dini-mədəni abidələri dağıtmasının və ya təhqirə məruz qoymasının qəbuledilməz olduğu vurğulanıb.

Prezident İlham Əliyevin sərəncamı ilə 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi ili" elan olunduğunu bildirən Ə.Əlizadə Azərbaycanın İslam ölkələri, o cümlədən Pakistanla əlaqələrin inkişafına daim xüsusi önəm verdiyini deyib. O bildirib ki, bu il Azərbaycanda İslam Həmrəyliyi Oyunları keçirilib. Həmçinin, müxtəlif tədbir və konfransların Bakıda baş tutduğunu, eləcə də, Azərbaycanın təşkilatçılığı ilə bir sıra xarici dövlətlərdə tədbirlərin keçirildiyini və Pakistanın da bu tədbirlərdə təmsil olunduğunu diqqətə çatdırıb.

Pakistan Senatının sədr müavini, Pakistanın nüfuzlu din alimlərindən sayılan Mövlana Abdul Qafur Heydəri Pakistanın Azərbaycanı özünə qardaş ölkə hesab etdiyini, islam ölkələri arasında birlik və əməkdaşlığın möhkəmlənməsinin vacib olduğunu, Pakistan-Azərbaycan münasibətlərinin buna bir nümunə sayılacağını, hökümətlərarası əlaqələrlə yanaşı, xalqlarımız arasında əlaqələrin daha da artırılması gərəkdiyini qeyd edib, beynəlxalq və regional məsələlərdə Azərbaycanın da Pakistana verdiyi dəstəyin dostluq və qardaşlığın bir təzahürü kimi qiymətləndirildiyini diqqətə çatdırıb.

Görüşdə iqtisadi, humanitar sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi, parlamentlərarası dostluq qrupları arasında əlaqələrin daha da artırılması, qarşılıqlı yüksək səviyyəli səfərlərin həyata keçirilməsi məsələri ilə bağlı da fikir mübadiləsi aparılıb.Oxu.az

DİGƏR XƏBƏRLƏR

Top