Milli Məclis qalmaqallı qanunu qəbul etdi

“Vəkil məhkəmə çəkişməsinin ən önəmli subyeklərinə çevrilməlidir. Bəli, Vəkillər Kollegiyasının qapıları açılmalıdır, ora yeni üzvlər qəbul olunmalıdır. İmtahan balı azaldıla, yaxud insanlara imtahanları vermək üçün ən azı bir il vaxt verilə bilər. Əks təqdirdə biz problemlə qarşılaşa bilərik”.

Deputat Elşən Musayev “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanun layihəsinin müzakirəsində belə dedi. Ancaq E.Musayev yekunda qanun layihəsinə səs verəcəyini bildirdi: “Biz irəli baxmalıyıq”.

Deputat Siyavuş Novruzov isə qanunu qəbul etməyə çağırdı: “Biz gələcəkdə baxacağıq ki, qanun necə işləyir. O halda dəyişikliklər edə bilərik. Biz bu qanunları Azərbaycan xalqının mənafeyi üçün qəbul edirik, xaric bizə necə baxacaq deyə, qəbul etmirik. Qanunun əsas mənbəyi xalqın maraqları olmalıdır”.

Ancaq S.Novruzov vəkillik institutunun inkişafı üçün addımlar atmağa çağırdı: “O halda nümayəndələrə ehtiyac qalmayacaq”. Deputat dedi ki, “Bu, hamıya aid deyil. Amma rüşvət, oğurluq üstündə qovulan, vəzifə səlahiyyətini aşan adam işdən çıxarılan kimi, avtomatik olur vəkil. Ali təhsil almış gəncin orda işləməsi daha uyğundur, nəinki hüquq-mühafizə orqanından qovulmuş adam. İkincilər istənilən halda qaranlıq yol axtaracaqlar. Biz görürük, bu cür insanlar şantajla məşğuldurlar. Hər şey islahatla həll olunur. Həmkarlarımızdan xahiş edirəm, qanunu qəbul edək, nə ilə nəticələnəcəyinə təcrübədə baxarıq, inşalah!”

Vitse-spiker Valeh Ələgərov isə “nümayəndəlik institutu ləğv olunmayana kimi, vəkillik institutu inkişaf etməyəcək, vəkillərin sayını artırmaq mümkün olmayacaq”, - deyə mövqeyini ifadə etdi.

Deputat Musa Quliyev isə qanunu qəbul etməyə çağırdı.

Deputat Çingiz Qənizadə dedi ki, layihədə qaneedici məqamlar olsa da, narahatlıq doğuran məqamlar da var: “Nümayəndəliyi ləğv edib fiziki şəxslərin yaxınlarını məhkəmələrə göndəririksə, hansı təkmilləşmədən söhbət gedə bilər? Bəli, nümayəndələr arasında dələduzlar da var. Amma biz qolda yara var deyə, onu tam kəsməli deyilik. Biz nümayəndəlik institutunun parakəndəliyinə son qoymaq istəyiriksə, onda hüquqi firmalarda birləşmələri barədə məsələ qaldıraq. Biz vəkillik institutunda islahatlar aparandan sonra nümayəndəlik institutunun ləğvinə baxa bilərik. 350 mindən artıq mülki iş varsa, nümayəndələr orada iştirak edə bilməyəcəksə, 900 vəkil bunun öhdəsindən gələ bilməyəcək. Bizim elə rayonlar var ki, vəkil yoxdur, nümayədələr yola verirlər”.

Deputat Qənirə Paşayeva da nümayəndəlik institutunun ləğvini çox ciddi məsələ kimi xarakterizə etdi: “Yanvarın 1-dən biz 300 mindən artıq məhkəmə işini 930 vəkilin üzərinə qoyacağıq. Qonşu Gürcüstanın əhalisinin sayı bizimlə müqayisədə iki dəfə azdır. Amma vəkillərinins sayı bizdən 5 dəfə çoxdur. Bu islahatlar vacibdirsə, o zaman bu gündən başlayaraq savadlı gəncləri cəlb etmək, vəkillik institutunu inkişaf etdirmək lazımdır. Millət vəkilləri də narahatdır ki, yanvarın 1-dən sonra necə olacaq? Bu 2 ay ərzində vəkillərin sayının artırılması istiqamətində addımlar atılmalıdır ki, bölgələrdə ciddi problemlərlə üz-üzə qalmayaq”.

“Biz nümayəndəlik institutunun tamamilə aradan qaldırılması təklifini vermirik”. Bunu isə Mülki Kollegiyanın sədri Şəlalə Məmmədova bildirdi. O, dedi ki, işsizliyin yaranacağı barədə deputatların fikirlərinə münasibət bildirərkən “həmin nümayəndələr onsuz da işsiz idi və bura onların iş yeri deyildi ki, narazı qalsınlar”, - Ş.Məmmədova bildirdi.

Vitse-spiker Ziyafət Əsgərov isə yekunda “biz bu qanunu qəbul etməliyik. Çünki bu qanunun özü vəkillik institutunun inkişafına kömək edəcək”-deyə bildirdi.

Səs çoxluğu ilə qanun qəbul edildi.musavat.com

DİGƏR XƏBƏRLƏR

Top