Ərdoğan: “Azərbaycan qazı Avropaya nəql olunacaq, bu, bəzilərini narahat edir”

“Bu gün biz öz evimizdəyik, qonaq deyilik”. Bu sözləri Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısından sonra keçirilən mətbuat konfransında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Türkiyə prezidenti xatırladıb ki, bu gün Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı toplantısı keçirilib, dünən isə Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı olub: “Bütün bunlar Türkiyə və Azərbaycan arasında əlaqələrin nə qədər güclü olduğunu göstərir. TANAP da bunun ən gözəl nümunələrindən biridir. İnşallah, qısa zamandan sonra Azərbaycan qazı Avropaya nəql olunmağa başlayacaq. Bu, bəzilərini narahat edir. Bakı-Tbilisi-Qars dəmir yolu tikilərkən də bunun real olmadığını deyənlər vardı. Dünən bu dəmir yolunun açılışını etdik. İnşallah, bu dəmir yolu ilə yüz minlərlə insan səfər edəcək, Londona qədər gedə biləcəklər. Bu dəmir yolu xətti ilə böyük həcmdə yük də daşınacaq və iqtisadi səmərəliliyini ortaya qoyacaq”.

R. T. Ərdoğan qeyd edib ki, artıq Türkiyə və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 1,6 milyard dollara çatıb: “Son dövrlər müdafiə sənayesi sahəsində əlaqələrimiz böyük əhəmiyyət kəsb edir. Turizm və mədəniyyət, təhsil sahəsində atdığımız, atacağımız addımlar da mühümdür. Qarşıdakı dövrdə Bakı-Ekspo sərgisinin keçirilməsi nəzərdə tutulub. Türkiyə bu tədbirdə geniş təmsil olunacaq, öz təcrübəsini bölüşəcək”.

DİGƏR XƏBƏRLƏR

Top