Daşkəsəndə meşə yanğını söndürülüb, alovun evlərə keçməsinin qarşısı alınıb

Daşkəsən rayonunda baş verən meşə yanğını söndurulub. Bu barədə "Yeniavaz.com" saytına Daşkəsən Rayon İcra Hakimiyyətindən (RİH) məlumat verilib. Bildirilib ki, oktyabrın 30-da saat 18:30 radələrində Daşkəsən Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Dəstəfur meşəbəyliyinin 1 saylı dolayının ərazisində yanğın hadisəsi baş verib. Yanğınının sahəsi küləyin güclü olması nəticəsində daha da genişlənərək alovlanıb. İcra Hakimiyyətinin başçısı Əhəd Abiyev rayon mərkəzindən 26 kilomert uzaqlıqda baş verən yanğınla operativ qərargah yaradaraq tapşırıqlar verib və hadisə yerinə gedib. Daşkəsən Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və işçiləri, RİH-in qərargah üzvləri, idarə və müəssisə rəhbərləri, Dəstəfur, Zinzahal kənd icra nümayəndəliklərinin və bələdiyyələrinin işçiləri yanğının söndürülməsi üçün ərazidə olublar. Yanğının söndürülməsində Dəstəfur və Kollu kəndlərinin, eləcə də qonşu kəndlərin sakinləri yaxından iştirak edərək köməklik göstərib. Güclü küləyin əsməsinə baxmayaraq, yanğının söndürülməsi üçün operativ tədbirlər görülməyə başlanılıb və aidiyyəti üzrə nazirliklərə, xüsusilə də Fövqəladə Hallar Nazirliyinə (FHN) və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) yanğın barədə məlumat verilib. Yüksək dağ ətəyində yanan meşənin daha tez söndürülməsi məqsədilə yanğınsöndürmə avtomobilləri həmin əraziyə yaxınlaşa bilmədiyi üçün helikopterdən istifadə olunması qərargah tərəfindən məqsədəuyğun hesab edilib. Yanğının baş verdiyi meşə zolağı ilə Daşkəsən rayonunun Dəstəfur və Kollu kəndlərinin yaşayış evləri yaxın olduğu üçün alovun yaşayış evlərinə keçməsinin qarşısı alınıb. Yanğınla əlaqədar ərazidə yaşayan bir neçə sakinə Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım briqadası tərəfindən ilkin yardım göstərilib. Yanğın nəticəsində 8 hektardan artıq meşə sahəsi yanıb. Yanğın hazırda söndürülüb. Dəstəfur və qonşu kəndlərdə elektrik enerjisi və rabitə əlaqəsi kəsilib. Hazırda elektrik enerjisinin verilməsi və rabitənin bərpa olunması üzrə müvafiq işlər görülür. Yanğının başvermə səbəbləri və dəymiş ziyan araşdırılır.

Vüqar Nəbiyev, Daşkəsən

DİGƏR XƏBƏRLƏR

Top