Bugünlərdə mətbuatın və sosial şəbəkələrin əsas müzakirə mövzusu tanınan müğənni Fədayə Laçının Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən və oktyabrın 23-də xüsusi təyinatlı qatardan düşərək qaçan "Qoca" ləqəbli Etibar Məmmədova yardım etməsidir. Bu yaxınlarda mətbuatda və sosial şəbəkələrdə həbsdən yenicə azad olunan daha bir tanınan müğənni Maral Tahirqızı barəsində də geniş müzakirələr aparılıb. Bu şəxslərin cəmiyyətin müzakirə hədəfinə çevrilmələrinin səbəblərinin biri onların tanınan müğənni olmalarıdırsa, digər bir səbəbi də onların qadın olmasıdır. Məlum məsələdir ki, Azərbaycan cəmiyyətində qadınların cinayət törətməsi kişilərə münasibətdə birmənalı qarşılanmır. Bəs görəsən, azərbaycanlı qadınlar daha çox hansı cinayətləri törədiblər.
Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən xəbər verir ki, Azərbaycanda qadınlar daha çox dələduzluq cinayəti törədiblər. Açıqlanan son məlumata görə, il ərzində dələduzluq cinayəti törədən qadınların sayı 175 nəfər oub. Əvvəlki illə müqayisədə dələduz qadınların sayı 39% və ya 49 nəfər artıb. Dələduzluqdan sonra qadınlar ən çox oğurluq edirlər. Oğru qadınların sayı isə son bir il ərzində 4 nəfər azalaraq 133-ə düşüb.
Ümumilikdə, il ərzində 1036 qadının cinayət törədiyi bildirilir. Cinayət növləri üzrə qadınların sayı belə olub:
1. Qəsdən adam öldürmə - 9 nəfər
2. Sağlamlığa ağır zərər vurma - 11 nəfər
3. Oğurluq - 133 nəfər
4. Soyğunçuluq - 3 nəfər
5. Quldurluq - 5 nəfər
6. Dələduzluq - 175 nəfər
7. Xuliqanlıq - 51 nəfər
8. Rüşvətxorluq - 3 nəfər
9. Narkotik vasitələrlə bağlı cinayətlər - 37 nəfər
10. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma - 39 nəfər