Kataloniya parlamenti İspaniya hökuməti ilə razılaşdı

Kataloniya parlamenti İspaniya hökumətinin qərarı ilə razılaşıb. Kataloniya parlamenti növbədənkənar seçkilərə qədər fəaliyyətini dayandırmaqla bağlı qərar qəbul edib. Qanunverici orqanın mətbuat xidmətinin yaydığı məlumata görə, regional parlamentin oktyabrın 31-nə təyin edilən iclası ləğv olunub. Regionun müstəqilliyi haqqında qətnaməyə səs verən “Solçu Respublikaçılar” partiyası Baş nazir Mariano Rahoyun növbədənkənar seçkilər təyin etmək “səlahiyyətinin” olmadığını bildirib. Buna baxmayaraq, partiya seçkilərdə iştirak etmək niyyətindədir. Müstəqilliyin ən qatı tərəfdarlarından biri - parlamentin spikeri Karme Forkadel dekabrın 21-də keçiriləcək seçkilərə qədər rəsmən öz vəzifəsində qalacaq.

Qeyd edək ki, oktyabrın 27-də Kataloniya parlamenti müstəqilliyin elan olunması haqqında qətnaməyə səs verib. Amma sənəd nə Kataloniya parlamentinin, nə də muxtariyyət hökumətinin rəsmi bülletenində dərc olunmayıb. Qanuna əsasən, bütün sənədlər bülletendə dərc edildikdən sonra qüvvəyə minir. Qətnamənin qəbulundan dərhal sonra İspaniya senatı Kataloniyaya qarşı ölkə konstitusiyasının indiyə qədər istifadə olunmayan 155-ci maddəsini işə salmaq barədə qərar qəbul edib. Baş nazir Mariano Rahoy Kataloniya hökumətinin başçısı Karles Puçdemonu və hökumət üzvlərini vəzifədən kənarlaşdırıb. Həmçinin regional parlament buraxılıb və dekabrın 21-nə növbədənkənar seçkilər təyin olunub.Modern.az

DİGƏR XƏBƏRLƏR

Top