158 dövlət əmlakı özəlləşdirilməyə çıxarılır


Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 28 noyabrda dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək. "Yeniavaz.com" Komitədən açıqlanan məlumatlara istinadən bildirir ki, bu hərracda özəlləşməyə 158 dövlət əmlakı çıxarılacaq. Bunlardan 64-ü kiçik dövlət müəssisə və obyekti, 63-ü istifadəsiz qeyri-yaşayış sahəsi, 23-ü səhmdar cəmiyyətləri 8-i isə nəqliyyat vasitələridir.

Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr vardır. Belə səhmdar cəmiyyətlərinə “Yevlax Kəndkimya Təchizat”, “Ağcabədi Aqrotexservis”, “Neftçala Ət”, “Port İliç Xidmət”, “Şıxlar Broyler”, “Mingəçevir Qum Çınqıl“ və digər bu kimi səhmdar cəmiyyətləri aiddir. Qeyd edilməlidir ki, hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir.

Prosesdə özəlləşdiriləcək səhmdar cəmiyyətlərin nizamnamə kapitalı 25 min 676 manatla 738 min 888 manat arasında dəyişir. Bu kateqoriyaya aid edilənlər arasında səhmlərinin özəlləşdirməyə çıxarılan ilkin start qiyməti ən çox olan əmlak “Yevlax Kəndkimya Təchizat” ASC-dir. Adıçəkilən əmlakın səhminin 30%-i 111 min manata yaxındır. Bundan başqa, qiyməti ilə digərlərindən fərqlənən əmlak “Şıxlar Broyler” ASC-dir. Həmin əmlakın 30% səhmi isə 41 min manata yaxın təklif olunur.

Hərracda sahibini tapacaq kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrinə aiddir. Bu əmlaklar paytaxtla yanaşı Gəncədə, Göygöldə, İmişlidə, Cəlilabadda, Lerikdə, Oğuzda, Qaxda və digər şəhər və rayonlarda yerləşir. Özəlləşdirilən əmlakların ümumi faydalı sahəsi 21 kvadratmetr ilə 3000 kvadratmetr arasında dəyişir.

Özəlləşməyə çıxarılan kiçik dövlət müəssisəsi və obyektlərinin əksəriyyəti torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Bakı, Gəncə, Şəmkir, İmişli, Tovuz, Xaçmaz, Şamaxı və digər şəhər və rayonlarında yerləşir. Prosesə çıxarılan müəssisələr sırasında "Çinar" soyuducular zavodunun Şəmkir filialı, Qovlar tikiş fabrikinin Goranboy sahəsi, Qoxmuq istirahət zonası kimi iri dövlət əmlakları var.

Özəlləşdirilməyə açıq elan edilən istifadəsiz qeyri-yaşayış sahəsindən isə 56-sı paytaxtda, qalanları isə respublikanın digər rayon və şəhərlərində yerləşir.

Hərracda özəlləşdirilməyə “Nissan Maxima”, “Mitsubishi Pajero”, “Kia Rio” nəqliyyat vasitələri çıxarılıb. Nəqliyyat vasitələrinin ilkin start qiyməti 900 manatla 10 min manat arasında dəyişir.

DİGƏR XƏBƏRLƏR

Top