Yerevan yeni ilədək Moskva ilə 100 milyon dollarlıq müdafiə krediti sazişi imzalamaq istəyir

Ermənistan yeni ilədək Rusiya ilə 100 milyon dollar dəyərində müdafiə krediti haqqqında saziş imzalamağa ümid edir. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan deyib. Onun sözlərinə görə, Ermənistan hökuməti bu sazişi təsdiq edib: “Hələlik konkret imzalanma tarixi məlum deyil. Lakin mən bunun yeni ilədək olacağına ümid edirəm”. Ermənistan hökumətinin oktyabrın 12-də təsdiq etdiyi saziş layihəsinə əsasən, Rusiya öz istehsalı olan hərbi təyinatlı məhsulların tədarükünü maliyyələşdirmək üçün Ermənistana dövlət ixrac krediti verəcək. Ermənistan kreditdən dollarda hesablanmış məhsulların tədarükü üzrə hər bir müqavilənin dəyərinin 90 faizə qədərini maliyyələşdirmək üçün istifadə edəcək. Qabaqcadan ödəniş müqavilənin dəyərinin azı 10 faizini təşkil etməli və Ermənistan tərəfindən səlahiyyətli Rusiya təşkilatlarının xeyrinə həyata keçirilməlidir. Saziş layihəsində göstərilir ki, kredit illik 3 faiz ilə 15 il ödəmə müddətinə verilir. Ermənistan kredit vəsaitlərini 2018-2022-ci illərdə istifadə etməlidir. 2015-ci ilin iyununda Rusiyanın Ermənistana rus istehsalı hərbi məhsullarını tədarük etməsi üzrə 200 milyon dollar dəyərində dövlət ixrac kreditinin verilməsi haqqında saziş imzalanıb. Kredit illik 3 faiz üzrə üçillik güzəştli müddətlə 13 illiyə təqdim olunub.

DİGƏR XƏBƏRLƏR

Top