
Bakı-Astara-Bakı qatarında, xüsusi təyinatlı vaqonda Şirvana aparılan məhbuslar - Etibar Məmmədov və Əli Ağami qaçandan, "Lotu Quli" ləqəbli Nadir Sələfov azadlığa çıxandan sonra mətbuatda avtoritetlər haqqında məlumatlar, sosial şəbəkələrdə videolar yayılır.
Bu azmış kimi, saytlarda həm yerli, həm də dünyaca tanınmış kriminal aləm təmsilçilərinin həyat yolu ilə bağlı "araşdırma" yazılar yayımlanır, bu barədə ətraflı məlumatlar verilir. Maraqlıdır ki, belə yazılar silsilə şəklində yayımlanır. Lakin sanki kriminal aləmə meyilliliyi təbliğ edən mövzuların gündəmə gətirilməsinin əleyhinə olanlar, qınaq obyektinə çevirənlər də az deyil. Belə düşünənlərin fikrincə, avtoritetlərin həyatının mətbuatda gen-bol işıqlandırılması qeyri-peşəkarlığın nəticəsidir.
Mövzu ilə bağlı "Yeniavaz.com" saytının suallarını Azərbaycan Jurnalistlər Birliyinin sədri, fəaliyyəti dayandırılan "Ayna" və "Zerkalo" qəzetlərinin təsisçisi və baş redaktoru Elçin Şıxlı cavablandırdı: "Belə halların baş verməsinin səbəbi ondan ibarətdir ki, Azərbaycanda normal, peşəkar, sərbəst, azad mətbuat qalmayıb. Peşəkarlıq sıfır səviyyəsindədir, azadlıq isə bəlkə də sıfırdan yarım dərəcə artıq ola bilər. Ona görə də bu məsələlər ortaya çıxır. Peşəkar və azad mətbuat ölkədə o qədər problem var ki, onları araşdırar, onları axtarar, yaranma səbəblərini ortaya çıxartmağa çalışar. İndi vəziyyət elədir ki, istədiyim və sadaladığım peşəkarlıq, azad mətbuat olmadığına görə ortalıqda ancaq zəif mətbuatımız var. Onlar isə xırda problemlər arxasınca qaçır. Ona görə də indiki vəziyyət ortalığa çıxır və siz mənə bu sualı verirsiniz. Çox təəssüf ki, peşəkar mətbuat yoxdur, olsaydı, nə bu problem ortaya çıxardı, nə də siz mənə bu sualı verərdiniz".
"Peşəkar mətbuat bu barədə xəbəri necə təqdim etməli idi?" sualımıza Elçin müəllimin cavabı belə oldu: "Peşəkar mətbuat olsaydı, xəbər veriləcəkdi ki, filankəs 11 il həbs cəzasını çəkdi və azadlığa çıxdı. Bununla da məsələ bitəcəkdi. Yəni xəbər kimi veriləcəkdi, amma onlardan "qəhrəman" obrazı yaradılmayacaqdı, onun tirajlanması baş verməyəcəkdi. Yenə deyirəm, ölkədə, dünyada, ətrafda minlərlə, bəlkə milyonlarla problemlər var ki, biz onların ətrafında və onlar barədə düşünməliyik. Bəlkə də müəyyən mənada bu problemlər haqqında düşünməmək üçün avara-avara mövzular ortaya atılır".

Sosioloq Cavid İmamoğlunun isə mövzu ilə bağlı düşüncəsi belədir: "Azərbaycan cəmiyyətində kriminal həyata, kriminal mövzulara, detektiv mövzularda yazılmış kitablara maraq var. Fikir versəniz görərsiniz ki, belə kitablar çox oxunur. Bunun da səbəbləri ailə tərbiyəsi, milli adət-ənənələr, mühitdir. Əslində insanların kriminala maraqlı olması həm də o cəmiyyətin sosial ola bilməməsindən, sosial münasibətlərin qaydasında olmamasından xəbər verir. Əgər bir insan hər şeyi silah gücü ilə həll ediləcəyini düşünürsə, deməli, onun sosial münasibət qurma problemi var. Təəssüf ki, sosial münasibət problemi bizdə aktualdır və əksər insanlar özləri bundan xəbərsizdirlər".
C. İmamoğlunun sözlərinə görə, bizim insanlar sevdiyi insana sevdiyinə görə əziyyət verir, hətta onu döyür: "Bir kişi öz xanımını sevdiyi üçün qısqanır və ona əzab verir. Atalar öz övladına sevdiyi üçün ona əziyyət verir, elə bilir ki, bununla ona yaxşılıq edir. Bütün bunlar sosial münasibətlərin qaydasında olmamasından xəbər verir. KİV-də avtoritetlərin, kriminal insanların davamlı şəkildə işıqlandırılması, onların qəhrəman kimi təqdim olunması hər kəsə aid olmasa da, əksər yeniyetmə və gənclərə təsir edir. Halbuki həm ədəbiyyatda, həm mənəviyyatda, həm dində kifayət qədər dahi insanlar var ki, onlar təbliğ edilə bilərdilər.
Son olaraq onu da əlavə edim ki, bu vəziyyətin yaranmasında sosial şəbəkələrin də böyük təsiri var. İnsanlarımızın əksəriyyəti texnologiyanın, sosial şəbəkələrin əsirinə çevriliblər. İnsanlar şou və kriminal mövzularda şok videolara baxmaq, xəbərləri oxumaq üçün hər səhər sosial şəbəkəyə daxil olurlar. Artıq öyrəşiblər, təbii ki, buna insan psixologiyasının tab gətirməsi mümkün deyil. Bəzi səhifələr, saytlar bu yolla pul qazanırlar, amma ortada bizim ömrümüz gedir. Deməzdim ki, Mətbuat Şurası və ya DİN bu mövzuların qarşısını hansısa sərt tədbirlərlə almalıdır. Ancaq birlikdə, müzakirə şəklində bu məsələ həllini tapmalı, ortaq razılaşma olmalıdır".
Nicat
Tətbiqimizi yükləyə bilərsiniz