Mal ətinin bahalanması üçün heç bir iqtisadi səbəb yoxdur

Son zamanlar pərakəndə satış məntəqələrində satılan mal ətinin qiymətində bahalaşma müşahidə olunur. Əvvəllər 7-7,5 manata satılan sümüklü mal ətinin 1 kiloqramının qiyməti son günlər 8,5-9 manata qədər bahalanıb. Qiymət artımı Dövlət Statistika Komitəsinin açıqladığı aylıq hesabatlarda da əks olunur. Bəs görəsən mal ətinin qiyməti niyə artır? Açıqlanan statistik göstəricilərə baxdığımız zaman belə görünür ki, qiymət artımları süni xarakter daşıyır və bunun arxasında heç bir iqtisadi səbəb dayanmır.

Son illər ölkəmizdə heyvanların sayı və ət istehsalı davamlı olaraq artır

Diri heyvan və ət məhsullarının satışı ilə məşğul olan sahibkarlar qiymət artımının səbəbləri barədə müxtəlif fikirlər səsləndirirlər. Bəzi sahibkarlar bahalaşmanı heyvan qıtlığı ilə əlaqələndirir. Lakin bu sahədə apardığımız araşdırmalar göstərir ki, heyvan çatışmazlığı barədə səslənən fikirlər doğru deyil. Belə ki, son illər ölkəmizdə heyvanların sayı və ət istehsalı davamlı olaraq artır. Statistika Komitəsinin məlumatına görə, cari ilin ilk yarısında iri buynuzlu mal-qaranın sayı ötən ilin müvafiq dövrünə nisbətən 16,7 mın baş və ya 0,6% artaraq 2 milyon 724,9 min başa, qoyun və keçilərin sayı isə 15,8 min baş və ya 0,2% çoxalaraq 8 milyon 823,2 min başa çatıb. Ət istehsalı da 2015-ci illə müqayisədə daha çox olub. Bu ilin ilk 8 ayı ərzində ət istehsalı ötən ilin eynı dövrü ilə müqayisədə 2,4% artaraq 298,1 min tondan 305,3 min tona yüksəlib. Göründüyü kimi nə heyvanların sayında, nə də ət istehsalında heç bir azalma baş verməyib.

İdxal olunan mal ətinin 1 kiloqramı 2,5 dollara (4 manat) bərabər olub

Başqa bir səbəb kimi Gürcüstanın heyvan ixracına, Azərbaycanın isə idxala qoyduğu qadağalar göstərilir. Qeyd edək ki, bu səbəb də qiymət artımı üçün əsas ola bilməz. Çünki ətə olan təlabat əsasən (91-92%) yerli istehsal hesabına təmin edildiyi üçün idxal məhsullarının bahalaşması, yaxud da azalması qiymət artımına ciddi təsir göstərmir. Eyni zamanda onu da qeyd edək ki, ət və ət məhsulları ölkəmizə daha çox Hindistan, Brazilya, Argentina və Birləşmiş Ərəb Əmirliklərindən gətirilir. İdxal ətdə Gürcüstanın payı qiymətlərə təsir edəcək səviyyədə deyil. Qeyd etdiyimiz ölkələrdən gətirilən ətin qiyməti isə daxili bazardakı qiymətlərdən çox ucuzdur. Statistika Komitəsinin məlumatına görə, bu ilin ilk yarısında ölkəyə idxal olunan mal ətinin 1 kiloqramı 2,5 dollara (4 manat) bərabər olub.

Yemin bahalaşması ətin qiymətinə ən yaxşı halda oktyabrdan sonra təsir edə bilər

Digər bir səbəb kimi yem məhsullarının bahalaşması göstərilir ki, bu da qiymət artımına ciddi təsir göstərmir. Məlum olduğu kimi yay aylarında, xüsusilədə iyun-avqust aylarında heyvanları ənənəvi yemlərlə - “kip”lərlə yemləmirlər. Eyni zamanda yay fəslində yem kimi arpadan da az istifadə olunur. Ona görə də yemin bahalaşması barədə səslənən fikirlər də həqiqətdən uzaqdır. Yemin bahalaşması ətin qiymətinə ən yaxşı halda oktyabrdan sonra təsir edə bilər.

Məsələnin maraqlı tərəfi isə odur ki, İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev mətbuata verdiyi açıqlamada aparılan monitorinqlər zamanı ətin qiymətində dəyişikliyin qeydə alınmadığını bildirib. Ancaq Nazirlik rəsmisi onu da bildirib ki, istehlak bazarında alıcılara müxtəlif çeşidlərdə ət və ət məhsulları təklif olunur və bu səbəbdən də qiymətlər fərqli olur.

Ət Ukraynada Türkiyədən 4 dəfə ucuzdur

Yuxarıda qeyd etdiyimiz kimi, hazırda 1 kq mal ətinin qiyməti pərəkanda ticarət şəbəkələrində 8,5-9 manata satılır. Bu, region ölkələrindəki mövcud qiymətlərlə müqayisədə orta qiymət hesab olunur. Məlumat üçün bildirək ki, region ölkələri arasında mal əti ən baha qiymətə Türkiyədə satılır. Hazırda qardaş ölkədə 1 kq mal ətinin qiyməti təxminən 14 dollara (22,5 manata) bərabərdir. Mal ətini ən ucuz qiymətə Ukraynada tapmaq olar. Bu ölkədə mal ətinin 1 kiloqramı 3,5 dollardan (5,6 manat) baha deyil. Moldova və Qazaxıstanda da qiymətlər Azərbaycanla müqayisədə aşağıdır: Moldovada 1 kq ətin qiyməti 4,2 dollara (6,7 manat), Qazaxıstanda isə 5 dollara (8 manat) bərabərdir. Cənubi Qafqaz ölkələri - Gürcüstan və Ermənistanda mal ətinin qiyməti Azərbaycandakı mövcud qiymətlərə yaxındır. Gürcüstanda mal ətinin qiyməti 5,3 dollar (8,6 manat), Ermənistanda isə 5,65 dollar (9 manat) təşkil edir. Şimal qonşumuz Rusiyada mal əti 6,3 dollara (10 manat), cənub qonşumuz İranda isə 10,4 dollara (16,5 manat) bərabərdir. Ümumiyyətlə dünyada mal ətinin ən baha satıldığı ölkə İsveçrə hesab olunur. Bu ölkədə mal ətinin 1 kiloqramı təxminən 45 dollara (72 manat) bərabərdir.

A.C.

DİGƏR XƏBƏRLƏR

Top