Havalar soyuyan kimi QAZIN ZƏİFLƏMƏSİNİN SƏBƏBLƏRİ - Ekspert rəyi

"Azəriqaz" Səhmdar Cəmiyyətinin sabiq idarə rəisi Nüsrət Qasımov "Yeniavaz.com" saytının suallarını cavablandırıb.

- Nüsrət müəllim, havalar soyuyan kimi əhali başlayır qazın zəifləməsindən şikayət etməyə. Demək olar ki, hər il eyni problem yaşanır. Bunu birdəfəlik həll etmək mümkün deyilmi?

- Qazın zəifləməsinə hərə bir qəmiş oyur. Bir səbəb odur ki, bizdə bu sahədə sovet rejimindən çıxa bilməyiblər. "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyəti gözləyir ki, noyabr ayı gəlsin, istilik versinlər. Bu isə düzgün deyil. Oktyabrın 30-da qar yağsa, camaat yorğana bürünüb gözləməlidir ki, noyabrın 15-i gələcək, "Azəristiliktəchizat" istilik verəcək? Bu, çox səhv yanaşmadır. Nə vaxt soyuq oldu, onda da bu qurum istilik verməyə hazır olmalıdır, ancaq hazır deyil. Camaat da məcbur qalır və götürür 4 göz qaz sobasını yandırır, üstünə də düzür kərpici, dəmiri və s. başlayır evi qızdırmağa. Bununla da şəbəkədə normal qaz verilməsi rejimi düşür aşağı. Digər tərəfdən, tələbat qəfil artır, amma qazı artırmırlar.

Havalar soyuyan kimi "Azəristiliktəchizat" gərək getsin camaatla müqavilə bağlasın, hamı da qızındığı istiliyin pulunu ödəsin. Amma bunlar hələ sovet rejimi ilə işləyirlər. Bundan əlavə, bunun bir günahı da Bakı Şəhər İcra Hakimiyyətindədir. İcra Hakimiyyəti havalar bir az soyuyan kimi gərək sərəncam versin və keçsin qış rejiminə. Bunu etmirlər və insanları incidirlər. İşıq, qaz, istilik verən qurumlar bir-biri ilə əlaqəli təşkilatlardır. Hava soyuyan kimi camaat şəbəkəyə taxır cürbəcür əldəqayırma cihazları, yağ radiatorlarını. Mövcud xətləri salırlar gücə. Bundan da yanğın əmələ gəlir, camaatın evi yanır. Sonra da günahkar axtarırlar...

- Nüsrət müəllim, deyirsiniz ki, "Azəristiliktəchizat" sovet rejimi ilə işləyir. Yaxşı, necə olurdu ki, sovet dövründə eyni rejim işə yarayırdı, ancaq indi yaramır?

- Mən 48 il bu sahədə işləmişəm. Siz cavansınız, bilməzsiniz, elə sovet vaxtında da keçid dövründə bu cür şikayətlər olurdu. Çünki "Baksovet" noyarın 1-5-dən tez qış rejiminə keçmirdi. Aprel ayının 15-i olan kimi də istilik sistemini söndürürdülər. Elə illər olub ki, mən may ayında qar görmüşəm. Aprel ayında istiliyi kəsirdilər deyə soyuq olan kimi camaat xəstələnirdi, başlayırdı soyuqdəymədən epidemiya yaranmağa.

Dünya dəyişib, şərait dəyişib, bunlara uyğunlaşmaq lazımdır. Biz də uyğunlaşmalıyıq xarici mühitə. İndi gərək çoxdan qərar verəydilər ki, camaat keçsin qış rejiminə. Necə olur ki, camaat hamısı palto geyir, plaş geyir, amma "Azəristiliktərpənmir" tərpənmir?

- Havalar soyuyanda qazın kəsilməsi də az olmur. Zəng vurub soruşanda da deyirlər ki, təmirlə bağlıdır. Olmazmı bu təmir işlərini yay aylarına salsınlar?

- Təmir həmişə olacaq. Hazırda Azərbaycanda 2 milyon 67 min nəfər abonent var. Onlar işıqdan da, qazdan da istifadə edirlər. Qaz kəmərlərinin uzunluğu 7-8 min kilometrdən çoxdur. Sovet dövründə çəkilən borular var ki, indiyə qədər işləyirlər. Tez-tez sızmalar olur, bu da yüksək təhlükə mənbəyidir, həyat əhəmiyyətli obyektdir, strateji obyektdir, yüksək təhlükə mənbəyidir, daimi nəzarətdə olmalıdır, təmir işləri getməlidir. Bağlayanda bütün şəhərin qazını birdən kəsmirlər ki? Bir qəsəbənin yarısı, təmirlə əlaqədar qazsız qala bilər. Təmirlə əlaqədar bunu edirlər. Bundan əlavə, intensiv tikinti gedir, təzə tikililər mövcud xətlərə birləşdirilməlidir. Yüksək qaz təzyiqi altında birləşdirə bilmirlər. Mütləq həmin sahənin qazını bağlamalıdırlar ki, birləşdirməni həyata keçirsinlər...

- Axı qazın verilişində fasilə yaranandan və bərpa olunandan sonra bir çox hallarda hava gəlir? Qazı yandırırlar, ancaq yanmır.

- Bəli, camaat şikayət edir ki, qazı bağlayırlar, açandan sonra hava gəlir. Qazı bağlayırlar və təzə xətlərin kipliyini, möhkəmliyini hava ilə yoxlayırlar, işçi təzyiqdən 2 dəfə, 3 dəfə artıq təzyiq vurub yoxlayırlar. Təzədən qaz buraxılanda həmin hava mənzillərdən gəlib çıxır. Bununla bağlı şikayətlər olur və bu da təbiidir.

- Qışda mənzillərdə partlayırlar və dəm qazından ölümlər çox olur. Bunun səbəbini necə izah edərdiniz?

- Qışda partlayışlar az olur, əsasən dəm qazından zəhərlənmələr olur. Tez-tez insanların dəm qazından zəhərlənib ölmələri xəbərlərini eşidirik. Təəssüf ki, əksər evlərdə qaz avadanlıqlarını naşı ustalar quraşdırırlar. Ev sahibləri bu işə çox səhlənkar yanaşırlar. Hamamın qapısı bayıra açılmalıdır. Qapının aşağısında 2 santimetryarım diametrdə 5-6 dəlik olmalıdır. İçəridə hava çatışmayanda dəm qazı əmələ gəlir. Karbon 4 oksid əvəzinə karbon 2 oksid əmələ gəlir. Karbon 4 oksid zəhərsizdir, karbon 2 oksid zəhərlidir. Bununla da insan nəfəs alanda 7-30 dəqiqə ərzində insanı öldürür. Ona görə də hamamda nəfəslik, ventilyasiya olmalıdır, daimi işləməlidir ki, 1 saatda 3 dəfə otağın havası dəyişsin. Hamam 7,5 kubmetr olmalıdır, hündürlüyü 2 metr 20 santimetr olmalıdır. Bu şərtlərə heç kim nəzarət eləmir, heç kim də məhəl qoymur. Kim harada istədi, nətəri istədi quraşdırır.

- Tüstü bacası ilə bağlı da eyni sözü demək olarmı?

- Tüstü bacası binanın damından yarım metr hündür olmalıdır. Su qızdırıcının və ya digər qızdırıcının gücündən asılı olmayaraq, diametri 100-150 millimetr arasında dəyişməlidir. Biri 50 millimetr qoyur, digəri 70 millimetr. Dəm qazının da yarısı gedir çölə, yarısı qayıdır dolur hamama. Sonra da deyirlər ki, niyə belə oldu. Günahkar elə ev yiyəsi özüdür ki, qayda-qanunlara, qazdan təhlükəsiz istifadə qaydalarına riayət eləmir.

- Ustalar çoxdur və onların arasında seçim etmək isə çətindir. Hamı münasib qiymətə işləyən usta axtarır.

- Kimin əlində çamadan görürlərsə, onu çağırırlar ki, gəl mənim evimə qaz cihazı quraşdır. Ay balam, qaz cihazı quraşdıranın sertifikatı olmalıdır, lisenziyası olmalıdır, biliyi olmalıdır, əgər biliyi yoxdursa, pulun xətrinə gəlib quraşdırırsa, o demək deyil ki, ustadır. Quraşdırılandan sonra sıxılmış hava ilə kipliyi yoxlanmalıdır. Heç kim bunu eləmir. Camaat öz bildiyini edir.

Evi təmir edən zaman qaz xəttini salırlar alçipanın altına. Olmaz belə. Gedib qaz sobası alır, ancaq bilmir ki, o bizim şəbəkəyə uyğundur ya yox. Xaricdən gətirilən qızdırıcılar, 4 gözlü sobalar 200 millimetr təzyiqlə işləyir. Amma bizim şəbəkədə optimal təzyiq 130 millimetrdir. Gəlib quraşdırırlar və görürlər ki, cihaz yanmır. Sonra deyirlər ki, aha, deməli, şəbəkədə təzyiq azdır. Şəbəkədə təzyiq normaldır, amma sən aldığın cihaz ona uyğun deyil. Çağırırlar naşı ustanı, gəlir cihazı deşir, onu deşəndən sonra iş prinsipi tamam pozulur.

Mağazada dəm qazı aparatları satırlar. Dəm qazı evə dolanda işıq və səs siqnalı verir. Bu aparatlardan istifadə eləyən çox azdır.

Xanımlar sobanın üstünə qazanı qoyur və gedib otururlar evdə, seriala baxırlar. Birdən yadlarına düşür ki, qazan da yanıb, bişmiş xörək qazın üstünə daşıb və avadanlığı korlayıb. 6 aydanbir qaz cihazları yoxlanılmalıdır, profilaktik yoxlama keçirilməli və tutulan deşikləri təmizlənməlidir. Heç kimin vecinə deyil, sonra da şikayətlənirlər. Ay balam, qabaqcadan öz qaz cihazını yoxlatdır, gör cihazdandır, yoxsa şəbəkədəndir?

- Bəzi vətəndaşlar şikayətlənirlər ki, onların qaz sayğacı çox yazır. Belə bir şey mümkündürmü?

- Əgər sayğacda problem varsa, əlbəttə, mümkündür. Ancaq kimin belə şübhəsi varsa, rəsmi olaraq müvafiq ərizə yazıb müraciət etməlidir. Elə onun iştirakı ilə sayğacı açıb aparır və yoxlayırlar. Ancaq bu xidmət ödənişlidir. Yəni vətəndaş ödəniş edir, sayğacını yoxlatdırır və aydınlaşdırır ki, problem var, ya yoxdur. Bu cür problemlər nadir hallarda olur. Vətəndaşın özünün sayğacın plombunu qırmağa ixtiyarı yoxdur.

Nicat

DİGƏR XƏBƏRLƏR

Top