"Qaçqınkom": "Qəzalı binada yaşayan məcburi köçkünlər arasında püşkatma keçirilir"

Bir neçə gün öncə saytlarda Xətai rayonunda qəzalı binada yaşayan məcburi köçkünlərin ev tələbi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə üz tutmaları ilə bağlı məlumat yayılmışdı.

Bildirilirdi ki, oktyabrın 5-də Masazırda salınan şəhərcikdə 3 binanın açılışı olub: "Binalar "Qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması" layihəsi çərçivəsində tikilib. Məcburi köçkünlər bildirir ki, vitse prezident Mehriban Əliyevanın iştirakı ilə evlərin açılışı olsa da, o evlərdən heç birinə pay düşməyib".

Köçkünlər açıqlamalarında hər an təhlükə gələcəyi qorxusu ilə yaşadıqlarını deyirlər: "Dövlət qurumlarından eşitdikləri "evlər hazırdır, köçürüləcəksiniz"dən başqa bir şey deyil".

Yayılan məlumatların nə dərəcədə doğru olması ilə bağlı dəqiqləşdirmə aparmaq üçün dünən "Yeniavaz.com" olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimovla əlaqə saxladıq. Elçin Qədimov iddiaları təkzib etdi və görülən işlərə kölgə salmaq məqsədi daşıdığını bildirdi: "Bu gün (dünən) sizinlə əlaqə saxlayıb ətraflı məlumat verəcəyəm, heç bir problem, narahatlıq yoxdur. Bu barədə məlumat yayan sayt qeyri-qanuni fəaliyyət göstərir. Onlar hamısı görülən işlərə kölgə salmaq, ləkə vurmaq məqsədinə xidmət edirlər. Məcburi köçkünlərin yeni mənzilə köçürülməsi işi mərhələ-mərhələ həyata keçirilir. Köçürməyə hazırlıq prosesi olur, müvafiq işlər görülür, ondan sonra yeni mənzillərə daşınmaya başlanılır. Bunların hamısı barədə sizə məlumat verəcəyəm".

Lakin dünən gün ərzində Elçin müəllimdən zəng gözləsək də, xəbər çıxmadı. Bu gün Elçin Qədimova yenidən zəng vurduq. Cavabı belə oldu: "Bu gün Xətai rayonu, Gəncə prospektində yerləşən sözügedən qəzalı binanın sakinləri arasında püşkatma keçirilir. Püşkatmanın nəticəsinə uyğun olaraq, Masazırda açılışı olan binalardan onlara mənzil veriləcək. Hazırda püşkatma davam edir, püşkün nəticəsinə görə onlar mənzillərlə təmin olunacaqlar. Köçürülməyə yaxın vaxtlarda başlanılacaq".

E. Qədimov püşkatmanın nəticəsi barədə 1 saat sonra geniş məlumat yayacaqlarını bildirdi.

DİGƏR XƏBƏRLƏR

Top