Şəmsəddin Hacıyev dindirilibmi? - General açıqladı

Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsinin rəisi Kamran Əliyev Azərbaycan Dövlət İqtisad Universiteti ilə bağlı açılan cinayət işindən danışıb.

İdarə rəisi xatırladıb ki, İqtisad Universitetində baş vermiş korrupsiya faktı ilə bağlı cinayət işi başlanılıb, hazırda istintaq hərəkətləri davam etdirilir: “Bu barədə mətbuata da məlumat verilib. Kimlərin məsuliyyətə cəlb olunması istintaqın yekununda bilinəcək. İstintaqda nə qədər şəxsin dindirildiyini deyə bilmərəm. Yoxlamalar təyin etmişik. Sənədlərin götürülməsi üçün istintaq hərəkətləri davam etdirilir”.

Universitetin sabiq rektoru, Milli Məclisin deputatı Şəmsəddin Hacıyevin istintaqda dindirilməsi ilə bağlı suala isə K.Əliyev belə cavab verib: “Bununla bağlı bir söz deyə bilmərəm. Çünki həmin işlə bağlı dindirmələr davam edir. Konkret adıçəkilən və digər şəxslərlə bağlı məlumat verə bilmərəm”.

Qeyd edək ki, Azərbaycan Dövlət İqtisad Universitetində dövlət büdcəsindən ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasının auditinin nəticəsinə dair Hesablama Palatasından daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

İlkin araşdırma zamanı yoxlama dövrünü əhatə 18 may 2012-ci ildən 1 aprel 2014-cü il tarixədək olan müddət ərzində universitetin vəzifəli və digər maddi-məsul şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək təhsil haqlarının uçotu, yığılması və bank hesabına köçürülməsi, təhsil haqqı üzrə debitor-kreditor borclarının uçotda əks etdirilməsi ilə bağlı ağır nəticələrə səbəb olan ciddi qanun pozuntularına yol verilməsi, eləcə də külli miqdarda vəsaitin uçotdan yayındırılmasına əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 179.3.2-ci (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə külli miqdarda etibar edilmiş özgə əmlakını talama) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

2012-2014-cü illərdə İqtisad Universitetinin rektoru deputat Şəmsəddin Hacıyev olub. Report

DİGƏR XƏBƏRLƏR

Top