Hüquqşünas: "DYP-nin sui-istifadə hallarına yol verəcəyi birmənalıdır"

"Yol hərəkəti haqqında" qanununun 37-ci maddəsinin 5-ci bəndi ilə sürücüyə "nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etməyi qadağan edilir", İnzibati Xətalar Məcəlləsinin 342.1.2-ci maddəsi isə "nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etməyə" görə 40 manat cərimə müəyyən edir. Lakin qeyd olunan hüquq normaları, qanunvericiliyə dünən və ya srağagün daxil edilməyib". "Yeniavaz.com" xəbər verir ki, bunu hüquqşünas Samir İsayev bildirib.

"Bu normalar hər iki normativ akt qəbul edilərkən oraya daxil edilib. Sadəcə, normativ hüquqi aktlarda bu kimi absurd hüquq normaları istədiyin qədərdir. Bu normalar birmənalı olaraq korrupsiogen normalardır. Qanunvericilikdə "diqqəti yayındıra biləcək söhbət"in anlayışı və onu müəyyən etməyin metodikası müəyyən edilməyib. Odur ki, DYP-nin istənilən şəxsə münasibətdə sui-istifadə hallarına yol verəcəyi birmənalıdır. "Diqqəti yayındaracaq" əsas şərtlərdən biri sürücünün nəqliyyat vasitəsini idarə edərkən mobil telefondan istifadə etməsidir. Amma qeyd olunan normativ aktlarda bu hal da tənzim edilib. Belə ki, nəqliyyat vasitəsinin hərəkəti zamanı telefonu əldə saxlamaqla ondan istifadə etmək qadağandır və bu əmələ görə inzibati cərimə müəyyən edilib. Qeyd olunan normaların təhlilindən görünür ki, telefonu əldə saxlamadan, səs gücləndirici və mikrofondan istifadə etməklə danışma diqqəti yayındıra biləcək söhbət hesab edilmir, yəni hər kəs sərbəst şəkildə avtomobili idarə edərkən danışa bilər. Qanunvericilikdəki bu absurd normalardan bir kitab yaza bilərdim, amma vaxt tapa bilmirəm. Vaxtilə dostumuz Adil İsmayılov eyni işi CM-nə münasibətdə eləmişdi",-deyə hüquqşünas vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top