"Yeni Bakı" sakinlərinin növbəti müraciəti yayılıb

"Yeni Bakı" yaşayış kompleksində yaşayan sakinlər üzləşdikləri problemlə bağlı növbəti dəfə müraciət yayıblar. "Yeniavaz.com" xəbər verir ki, müraciət Azərbaycanın I vitse prezidenti Mehriban xanım Əliyevaya və "Azərişıq" ASC-nin sədri Baba Rzayevə ünvanlanıb.

"Bizim "Abşeron -1" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin (MMMC) üzvləri adından 07.06.2017-ci il tarixində (qeydiyyat nömrəsi AD-17/Q-2485) Sizə ünvanladığımız məktuba "Azərişıq" ASC tərəfindən cavab gəlib. Ancaq bu cavabda bizi qane etməyən bir sıra məsələlər olmaqla yanaşı, Sizə etdiyimiz müraciətə də laqeyd və məsuliyyətsiz yanaşıldığı açıq-aydın görünməkdədir. Sizə ünvanladığımız məktubda Abşeron rayonu, Masazır kəndində "İlin Dörd Fəsli" MMC (İDF MMC) tərəfindən inşa olunmuş "Yeni Bakı" yaşayış kompleksində baş verən qanunsuzluq və özbaşınalıqlardan, 5 ildən artıqdır bu kompleksdə yaşadığımız halda qanuni sayğaclarla və şirkətə borcumuz olmadığı halda mülkiyyət sənədi (çıxarış) ilə təmin olunmamağımızdan və digər qanunsuzluqlardan bəhs etmişdik. "Azərişıq" ASC-nin göndərdiyi məktubda qeyd olunan uyğunsuzluqları diqqətinizə çatdırmaq istəyirik:

Birincisi, "Abşeron-1" MMMC-nin İDF MMC-nin tərkibində yaradıldığı qeyd olunub. Halbuki "Abşeron-1" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti kimi sakinlər tərəfindən müstəqil qeyri-kommersiya təşkilatı kimi təsis olunub və Azərbayacan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb. İDF MMC isə Vergilər Nazirliyi tərəfindən qeydiyyata alınmış kommersiya qurumudur. "Azərişıq" ASC-nin bu yanlışlığa yol verməsi onu göstərir ki, ya onlar problemin kökündən məlumatsızdırlar, ya da ümumiyyətlə bu problemin həllində maraqlı olmadıqlarından, başdansovdu cavab yazmaqla məsələyə laqeyid yanaşıblar.

İkincisi, məktubda qeyd olunub ki, "Əhali üçün quraşdırılmış sayğaclar Dövlət Standartlaşdırma, Metrologiya və Patent Komitəsi tərəfindən dövlət yoxlamasından keçmədiyi üçün qeydiyyata alına bilməz". Elə bizim ən böyük problemimiz də sayğaclarımızın dövlət standartlarına cavab verməməsi və müvafiq sertifikatının olmamasıdır. Məhz ona görə də bizə hər ay işıq pulu gəldikdə sərfiyyat artıq hesablanır və bu yolla sakinlərdən İDF MMC tərəfindən əlavə pul toplanır ki, bu da sakinlərin haqlı narazılığına səbəb olur. Üstəlik, "Azərişıq" ASC-nin rəhbərliyinə bu problemlə bağlı dəfələrlə yazılı və şifahi müraciətlər də etmişik.

Üçüncüsü, məktubda həmçinin yaşayış kompleksində tikinti işlərinin aparıldığı qeyd olunub. Halbuki, burada tikinti işləri 2013-cü ildə başa çatıb. Bu da onu göstərir ki, "Azərişıq" ASC vəziyyəti yerində araşdırmadan daha bir məsuliyyətsizliyə yol verib.

Dövrdüncüsü, məktubda belə bir anlaşılmaz cümləyə yer verilib: "İDF MMC" "Azərişıq"la texniki şərt və müqavilə əsasında sayğaclar Masazır 110 y/st. Quraşdırılmış yüksək tərəfdə sayğaclarla hesabat aparılır". Bu cümləni başa düşməkdə ümumiyyətlə çətinlik çəkirik.

Sizdən xahiş edirik ki, "Azərişıq" ASC-nin məktubunda qeyd olunmuş bütün bu uyğunsuzluqları nəzərə alıb, bu quruma yenidən tapşırıq verəsiniz. Onlara göstəriş verəsiniz ki, sakinlərin müraciətinə laqeyid yanaşmasınlar və problemin həlli istiqamətində konkret addım atsınlar, vəzifələrini sakinə məktub yazmaqla bitmiş hesab etməsinlər. Hörmətlə, "Abşeron-1" MMMC-nin sakinləri".

DİGƏR XƏBƏRLƏR

Top