Madrid Kataloniyanın muxtariyyətini dayandırır, bölgə hökumətini hakimiyyətdən uzaqlaşdırır

İspaniya hökuməti Kataloniyanın muxtar statusunun dayandırılması haqqında ölkə Konstitusiyasının 155-ci maddəsinin tətbiqinə başlamaq barədə qərar qəbul edib.

“Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu İspaniyanın Baş naziri Mariano Raxoy deyib. Onun sözlərinə görə, İspaniya hökuməti Kataloniyanın bütün hökumətini hakimiyyətdən uzaqlaşdırır: “Kataloniyada erkən parlament seçkiləri keçiriləcək”. Bununla belə, M. Raxoy qeyd edib ki, muxtariyyət məhdudlaşdırılmır, yalnız qanundan kənara çıxmış hökumət kənarlaşdırılır: “İspaniya hökumətinin 155-ci maddəni tətbiq etməyə heç bir arzusu, niyyəti olmayıb, lakin bunu etməyə məcbur olub”.

Bu arada İspaniya Prokurorluğu Kataloniyanın başçısı Karles Puçdemonun bölgənin müstəqilliyini elan edəcəyi ehtimalı ilə əlaqədar ona qarşı iddia hazırlayıb. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, K. Puçdemon qiyamda ittiham oluna bilər. İspaniya qanunvericiliyinə əsasən, K. Puçdemon bu cinayətə görə 30 il müddətinədək azadlıqdan məhrum edilə bilər. Xatırladaq ki, oktyabrın 1-də Kataloniyada bögənin İspaniyanın tərkibindən çıxıb müstəqil dövlət olması haqqında referendum keçirilib. Səs verən 2,28 milyon nəfərin 90,18 faizi muxtar bölgənin müstəqilliyini dəstəkləyib.

DİGƏR XƏBƏRLƏR

Top