Dövlət qurumlarının sabiq mətbuat katibləri - İndi nə işlə məşğuldurlar?

Bir vaxtlar onları telekanallarda tez-tez görərdik, saytlarda, qəzetlərdə açıqlamalarını oxuyardıq. Mətbuatla əlaqəsi olmayan adamlar da onları üzdən tanıyar, kim olduqlarını, hansı qurumu təmsil etdiklərini bilərdilər. Bəzisi pensiya yaşı, bəzisi daha yaxşı təklif gəldiyi, bəziləri də nazirlərin işdən çıxarılması ilə əlaqədar işlərindən ayrılıblar.

"Yeniavaz.com" olaraq bu dəfə bir vaxtlar dövlət qurumlarında mətbuat katibi vəzifəsində çalışanlarla bağlı məlumatları dəqiqləşdirməyə çalışdıq.

1. Bakı Metropoliteninin mətbuat xidmətinin sabiq rəhbəri Nəzakət Tanrıverdiyeva - Nəzakət xanım Tağı Əhmədov metropoliten rəisi olan vaxtlarda bu vəzifədə çalışırdı. Hazırda işsizdir.

2. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin sabiq rəhbəri Sadiq Gözəlov - 22 il DİN-in mətbuat xidmətinə rəhbərlik edən polis polkovniki Sadiq Gözəlov general-polkovnik Ramil Usubovun imzaladığı əmrlə xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə çıxıb, ona xidməti geyim formasını daşımaq hüququ verilib. S. Gözəlov daha sonra daxili işlər nazirinin digər əmri ilə Azərbaycan Daxili İşlər Orqanlarının Maddi-texniki və Sosial Bazasının Möhkəmləndirilməsi Fonduna direktor təyin edilib.

3. "Azəriqaz"ın mətbuat xidmətinin sabiq rəhbəri Kamandar Eyvazlı - Bir neçə ildir işdən çıxıb. O, həm də şairdir. İşdən çıxarılmasına səbəb səhhətindəki problemlər olub. Hazırda işsizdir. "Facebook"da profili olsa da, aktiv deyil.

4. Təhsil Nazirliyinin sabiq mətbuat katibi Bayram Hüseynzadə - Misir Mərdanovun nazir olduğu dövrdə bu işdə çalışırdı. Misir Mərdanov işdən çıxarılandan sonra Bayram Hüseynzadə "Azərbaycan müəllimi" qəzetinin baş redaktoru təyin olunmuşdu. B. Hüseynzadə hazırda Bakı Mühəndislik Universitetinin prorektorudur.

5. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin sabiq müdiri Elnur Kələntərli - Fizuli Ələkbərovun dövründə nazirlikdə bu vəzifədə çalışırdı. Bir neçə il sonra nazirlikdə aparat rəhbəri vəzifəsinə təyin edilmişdi. Fizuli Ələkbərov işdən çıxarıldıqdan bir müddət sonra Elnur Kələntərli də işini itirdi. Bundan sonra isə İTV-nin "Səhər proqramları" departamentinin direktoru vəzifəsinə təyin edilib.

6. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin digər sabiq müdiri İlham Məmmədov isə hazırda özəl sektorda çalışır. İlham Məmmədov Veysəloğlu Şirkətlər Qrupunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiridir.

7. Müdafiə Nazirliyinin sabiq mətbuat katibi Eldar Sabiroğlu - Səfər Əbiyevin dövründə bu işdə çalışıb. İşdən çıxarılandan sonra qalmaqallı açıqlamaları ilə gündəmə gələn E. Sabiroğlunun prokuror oğlu da işdən çıxarılıb və həbs olunub. Hazırda səhhətində problemlər olan Eldar Sabiroğlu işsizdir.

8. Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin sabiq mətbuat katibi (indiki Dövlət İmtahan Mərkəzi) Elnur Nağızadə - Hazırda axtarışa verilib. Mətbuatda yayılan məlumatlara görə, Bakı şəhər sakinləri Vüsal İbrahimov və Zaur Əsgərov hüquq-mühafizə orqanlarına verdikləri şikayət ərizələrində 2015-ci ilin avqust ayında Elnur Nağızadəyə işə düzəlmək məqsədilə 150 min ABŞ dolları verdiklərini bildiriblər. Onlar işlə təmin olunmadıqlarını və pullarını geri ala bilmədiklərini vurğulayıblar. Elnur Nağızadə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək axtarışa verilib. Hazırda onun tutularaq istintaqa cəlb edilməsi istiqamətində zəruri istintaq və əməliyyat axtarış tədbirləri davam etdirilir.

9. Xarici İşlər Nazirliyinin sabiq mətbuat katibi Elxan Poluxov - Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

10. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin sabiq rəhbəri Anar Qədirli - Hazırda Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışır.

11. Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin sabiq rəhbəri Namiq Həsənov - Sözügedən nazirlik Prezidentin sərəncamı ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdiriləndən sonra Namiq Həsənov da işini itirdi. Namiq müəllim hazırda "n-xeber.com" adlı informasiya saytı yaradıb, ona baş redaktorluq edir.

12. "Azəryolservis" ASC-nin (indiki "Azəravtoyol") Mətbuat Katibliyinin sabiq rəisi Pünhan Mürsəliyev - Uzun illər bu vəzifədə çalışıb. P. Mürsəliyev bu qurumun adı dəyişməmişdən öncə işdən çıxarılmışdı. Hazırda "Azəravtoyol"da çalışdığı bildirilir.

13. Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin sabiq rəhbəri Nuridə Allahyarova - yeni işi ilə əlaqədar işdən çıxıb. Bu vəzifəyədək Binəqədi Rayon İcra Hakimiyyətinin İctimaiyyətlə Əlaqələr şöbəsinə rəhbərlik edib. Mətbuat katibi qismində son iş yerindən ayrıldıqdan sonra hüquq və maliyyə, piar xidmətləri göstərən özəl bir şirkətlə əməkdaşlıq edir. Mətbuat xidməti sahəsində uğurlu hesab elədiyi bir qurumdan təklif gələrsə, çox böyük məmnuniyyətlə razılıq verəcəyini bildirib.

Nicat

DİGƏR XƏBƏRLƏR

Top