Xaricə satdığımız xam neftin miqdarı kəskin azalıb

Əvvəlki aylarda olduğu kimi 2017-ci ilin yanvar-sentyabr aylarında da xarici ölkələrə ən çox xam neft ixrac olunub. "Yeniavaz.com" Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki, hesabat dövrü ərzində xarici ölkələrə 5 milyard 883,4 milyon dollar dəyərində 15,38 milyon ton xam neft göndərilib ki, bu da ümumi ixracın 72,2%-ni təşkil edib. Qeyd edək ki, 2016-cı ilin yanvar-sentyabr ayları ilə müqayisədə xam neftin ixracı dəyər ifadəsində 20%, miqdar ifadəsində isə 36,4% azalıb.

Xam neftdən sonra xarici ölkələrə ən təbii qaz satılıb. İxrac olunan təbii qazın dəyəri isə 928,6 milyon dollar təşkil edib. 2016-cı ilin yanvar-sentyabr ayları ilə müqayisədə təbii qazın ixracı dəyər ifadəsində 0,6% artıb, miqdar ifadəsində 14,7% azalıb. Təbii qazla bərabər xarici ölkələrə neft məhsulları da ixrac edilib ki, onu da dəyəri 238,3 milyon dollara bərabər olub. Təbii qazdan fərqli olaraq neft məhsullarının ixracı həm dəyər, həm də miqdar baxımından azalıb. 2016-cı ilin ilk 9 ayı ilə müqayisdə neft məhsullarının ixracı dəyər ifadəsində 10,2 %, miqdar ifadəsində isə 43,2 % azalıb.

İxrac olunan məhsulların sıralamasında xam neft, neft məhsulları və qazdan sonra meyvə-tərəvəz, alüminium və ondan hazırlanan məmulatlar, plastmassa və onlardan hazırlanan məmulatlar, qara metallar və onlardan məmulatlar, şəkər, kimya sinayesi məhsulları, elektrik enerjisi, həmçinin pambıq iplik gəlir. 2017-ci ilin ilk 9 ayı ərzində xarici ölkələrə 306,5 milyon dollar dəyərində meyvə-tərəvəz, 87,4 milyon dollar dəyərində alüminium və ondan hazırlanan məmulatlar, 77,9 milyon dollar dəyərində plastmassa və onlardan hazırlanan məmulatlar, 60,9 milyon dollar dəyərində qara metallar və onlardan məmulatlar, 33,9 milyon dollarlıq şəkər, 57,9 milyon dollarlıq kimya sinayesi məhsulları, 36,2 milyon dollarlıq elektrik enerjisi, 12,3 milyon dollarlıq pambıq iplik satılıb.

Onu da qeyd edək ki, bu il pampıq ipliklə bərabər pambıq lifi də əsas ixrac məhsulları arasına daxil olub. Bu ilin ilk 9 ayı ərzində xarici ölkələrə 27,1 milyon dollar dəyərində pambıq lifi ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,5 dəfə çox olub.

2016-cı ilin analoji dövrü ilə müqayisədə ixrac məhsulları arasında ən çox artım da pambıq lifinin ixracında qeydə alınıb.

DİGƏR XƏBƏRLƏR

Top