
Dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac 17 oktyabrda keçirilib. Hərracda özəlləşdirilən əmlaklardan 6-ı kiçik dövlət müəssisəsi, 7-i istifadəsiz qeyri-yaşayış sahəsi, 3-ü yarımtikili, 3-ü isə nəqliyyat vasitəsidir. "Yeniavaz.com" Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən açıqlanan məlumatlara istinadən bildirir ki, Bakı şəhəri üzrə 6 istifadəsiz qeyri yaşayış sahəsi və 3 nəqliyyat vasitəsi, respublikanın digər şəhər və rayonları üzrə 6 kiçik dövlət müəssisəsi, 1 istifadəsiz qeyri yaşayış sahəsi, 3 yarımtikili özəlləşdirilib.
Budəfəki hərrac da rəqabətli şəkildə keçib. Belə ki, paytaxtın Səbail rayonunda yerləşən ümumi faydalı sahəsi 31,4 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin start qiyməti 10 min manat olmasına baxmayaraq ən son 17 min manata özəlləşdirilib.
Hərracda ən yüksək qiymətə özəlləşdirilən kiçik dövlət müəssisəsi isə Şəki şəhərində yerləşən İdman Sağlamlıq Mərkəzi olub. Həmin əmlakın ümumi faydalı sahəsi 1000 kv.m-dən çox, torpaq sahəsi isə 6 min 500 kv.m-ə yaxındır. Qeyd edilməlidir ki, əmlak torpaq sahəsi ilə birgə özəlləşdirilib.
Hərracda sənaye sahəsində əlverişli olan kiçik dövlət müəssisəsi də özəlləşdirilib. Şəmkirdə yerləşən yun qəbulu məntəqəsi bu kateqoriyaya aid olmaqla investorlar üçün yaxşı gəlir mənbəyidir. Həmin əmlakın ümumi faydalı sahəsi 1300 kv.m-ə yaxın torpaq sahəsi isə 3 min kv.m-dən çoxdur.
Qeyd edilməlidir ki, hərracda özəlləşdirilən qeyri-yaşayış sahələrinin 6-ı paytaxtda, 1-i isə regionda yerləşir. Paytaxtda özəlləşdirilən qeyri-yaşayış obyektinin 3-ü Səbaildə, 2-si Nəsimidə digəri isə Nizamidə yerləşir. Bölgədə özəlləşdirilən qeyri-yaşayış sahəsi isə Şirvan rayonundadır. Özəlləşdirilən əmlakların sahəsi 10 kv.m ilə 124 kv.m arasında dəyişir.
Daha az investisiya tələb edən əmlaklar da hərracda özəlləşdirilib. Bunlardan biri Bakının Nəsimi rayonunda yerləşən sahəsi 11 kv.m olan qeyri-yaşayış sahəsidir.
Hərracda 3 yarımtikili də özəlləşdirilib. Yarım tikililərin 2-i Ağstafa rayonunda, digəri isə Gəncə şəhərində yerləşir.
Prosesdə müxtəlif markalı nəqliyyat vasitələri də öz sahibini tapıb. Ən ucuz qiymətə özəlləşən avtomobil QAZ-31105 markalı minik maşını olub .
Tətbiqimizi yükləyə bilərsiniz