"Bu, 18 yaşlıların ən bağışlanmaz səhvidir"

"Hərdən insanlarda yaş nastoljisi olur. Gənclərə baxaraq "kaş, 18 yaşım olardı..." deyir. "Nə olardı onda?" deyə sual vermək istəyirsən. Əslində, yaxşı psixoloq müəyyən edə bilər ki, belə insanlar ya həyatında uğursuzluqla üzləşib, ya da həyatını düzgün tənzimləyə bilməyib. Niyə axı yaş keçdikcə mümkün olmayanı arzulayasan? Demək, nəyisə əldən verib indi arxasınca qaçaraq, itirdiyini əldə etmək arzun var". "Yeniavaz.com" saytının məlumatına görə, bunu "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib.

"18 yaş gözəldır. Bu yaşda müstəqil olub şəxsiyyətə də çevrilə bilərsən, müti, idarə edilən bir insanın həyat tərzini də seçərsən. 18 yaşda olanlar bəzən bir ömrün irəlidə olduğunu düşünərək, el arasında deyildiyi kimi həyatını "xırdalayıb, xərcləyə" bilər. Həyat su kimidir. Bir yerdə dayanmır.

18 yaş dağ çayına bənzər. O Kür kimi sakit axmaz. Səsli-küylü, səffaf, saf olar. Dağ çayının bir yerdə dayandığını görmüsünüzmü? Dayanmaz, təkrarlanmaz, geri qayıtmaz. 18 yaş da elədir, 20 də, 25, də hətta 35 də.... yalnız o zaman dayanar ki, həyat sönər...

18 yaş yenilik yaşıdır, uşaqlıqdan çıxıb hadisələrə, insanlara fərqli baxa bilmək yaşıdır. Bu yaşda heç insanları müşahidə etmisinizmi? Etməmisinizsə, edin! İnsanların davranışı, düşüncəsi, məsələlərə baxışı, mədəniyyəti, ünsiyyət forması Sizə çox şeyi anladar.

Bu yeniliklərdən biri kitabdır. Mən kitab oxumağa kiçik yaşlarımdan başlamışam. Kitablar mənim daxili aləmimi formalaşdırıb. Gecələr dərsdən sonra oxudugum kitablar əslundə bu gün mənim davranışımda, düşüncəmdə, hətta xarici görkəmimdə "yazılıb".

18 yaş hissiyyat və rənglərlə doludur. 18 yaşın ən əhəmiyyətli məqamı hisləri və rəngləri doğru seçə bilməkdir. İnformasiya əsrində yaşayan 18 yaşlılar üçün doğru seçim əsasdır. İnformasiya Sizin üzərinizə sel kimi axır. Siz o qədər güclü olmalısınız ki, bu selə müqavimət göstərə biləsiniz. Güc isə təhsildədir, mədəniyyətdədir, birlikdədir.

18 yaş həm də doğmalarının - ailənin səndən gözləntilərə başladığı andır. Bu yaşda valideyni bəyənməmək də olur, özünün daha çox bildiyini düşünmək də. Bəzən hətta "Mən müstəqiləm" deyib, onları inkar edən, onlardan utananlar da tapılır. Bu, 18 yaşın ən bağışlanmaz səhvidir. Ancaq bu səhvi 18 yaşlılar görməz ki... Bu yaşı övladı 18 yaşında olanlar görməlidir. Yardım etdiyim və ya uğur qazanmış insanların həyatını müşahidə edərkən, bir həqiqəti anladım. Yalnız ailəsi həmrəy olan insanlar uğur və ya istədikləri şöhrəti qazanır. Ailənin verdiyi dəstək, məsləhət, sevgi heç nə ilə əvəzlənməz.

18 yaş küskünlük yaşıdır. Xırda bir uğursuzluq Sizi həyatdan küsdürə bilər. Həyata küsməyin. Bu gün heç vaxt sabah olmur. Sabaha inanın. O sabah Sizin sabahdır. Yaşayın ki, sabahınızı daha işıqlı edə biləsiniz.

Və bir də... Elə yaşayın ki, "kaş, 18 yaşım olaydı" deyə köks ötürməyəsiniz"...

DİGƏR XƏBƏRLƏR

Top