"Sədərək" ticarət mərkəzi əvvəlki günlərinə qayıdır FOTOLAR

Bakının ən böyük ticarət mərkəzlərindən biri olan "Sədərək"də vəziyyət artıq dəyişib.

Uzun müddət alıcı problemi yaşayan ticarət mərkəzində vəziyyət müsbətə doğru dəyişib. Belə ki, ölkədə baş verən maddi böhranın ilk günlərində ticarət mərkəzində ciddi sıxıntılar yaşanırdı.

Qiymətlərin artması, alıcıların sürətlə azalması ticarət mərkəzində çalışan sahibkarlara ciddi ziyan vurmuşdu. Amma artıq vəziyyət dəyişib. Ticarət mərkəzində alıcı əlindən tərpənmək olmur. Qısaca desək, "Sədərək" əvvəlki günlərinə dönür.

Satıcılar da alıcılıq qabiliyyətinin artığını deyirlər və bu vəziyyət onların böhran zamanı itirdikləri pulları geri qaytarmaqda kömək edəcək: "O günlər getsin və bir də gəlməsin. Alver sıfır kimi bir şey idi. Mallarımız əlimizdə qalmışdı. İcarə haqqını ödəyə bilmirdik. Çox çətinlik yaşadıq. Banklara olan borclarımızın üstünə faiz gəldi, batırdıq. Hamı zəng edib, pul istəyirdi. Boş gəlib, boş da gedirdik. Amma indi vəziyyət yavaş-yavaş dəyişir. Həftə sonları adam çox olur. Alıcılıq var. Camaat deyəsən vəziyyətə alışıb".

Sahibkar Qulu Dadaşovun sözlərinə görə, böhran zamanı bütün işçilərini çıxarmalı olub: "Mənim burada 3 obyektim var. Böhrandan sonra alver "öldü". Həm bahalıq var idi, həm də camaat cibindən pul çıxarmağa qorxurdu. Gördüm ki, mən də batıram. Obyektlərdə olan satıcıları məcbur işdən çıxardım. Birində özüm, qalanlarına da qohumları qoydum, işlədik. İndi vəziyyət düzəlir. Bizim işimiz alıcıdan keçir. Onlar olmasalar biz də yoxuq. Vaxt var idi ki, burada dükanların üstündə yekə-yekə "İcarəyə verilir" yazılırdı. İndi bax, gör nə qədər elə elan tapmaq olar? Çoxları o böhrana dözməyib, malını dəyər-dəyməzinə satıb, getdi mərkəzdə işləməyə".

Alıcılarla da danışdıq. Samirə Səfərova adlı Bakı sakini deyir ki, böhran zamanı qiymətlər çox oynasa da, indi bazarda vəziyyət normaldır: "Dolların kursu dəyişəndə bazara gəlmirdim. Çünki qiymətlər də dollar kimi qalxa-qalxa gedirdi. İndi isə hər şey stabilləşib. Əvvəlki vaxtalara baxanda qiymətlər bahadır. Təkcə burada yox, hər yerdə qiymətlər artıb. Biz də təbii ki, sadə vətəndaş olaraq buna alışırıq. Hər şeyə necə alışırıqsa, buna da elə alışdıq. Gücümüz çatanı alırıq. Ucuz ətin şorbası olmaz, amma kasıb şorbasız da keçinər, çarə yoxdur".

Alıcı Nüşabə Zamanova "Sədərək" TM-nə qiymətlər ucuz olduğu üçün gəldiyini deyir: "Başqa yerlərə baxanda burada daha ucuzdur. Həm də ki, şəhərdə mağazaya girirəm, qiymətlər standartdır. Burada isə eyni şeyi gəzə-gəzə, soruşa-soruşa daha ucuzunu almaq olur. Vəziyyət də əvvəlki deyil. 1 manat da ailə büdcəmə fayda verir".musavat.com

DİGƏR XƏBƏRLƏR

Top