Azərbaycanda qoyun və keçilərin sayı 73,4 min baş azalıb

Oktyabr ayının 1-nə kimi dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) əkin sahəsinin 99,7 faizi, yaxud 938,2 min hektarı biçilib və həmin sahələrdən 2 milyon 683,8 min ton və ya ötən ilin eyni dövrü ilə müqayisədə 5,4 faiz az məhsul götürülüb. "Yeniavaz.com" Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, orta hesabla hər hektardan əldə edilən məhsul 28,6 sentner təşkil edib. Bundan əlavə, 28,6 min hektar dən üçün qarğıdalı sahəsindən 178,7 min ton məhsul toplanıb, hər hektardan orta hesabla 62,4 sentner qarğıdalı dəni götürülüb. Qarğıdalı dəni nəzərə alınmaqla ölkə üzrə taxıl istehsalı 2 milyon 862,5 min ton olub.

Bu ilin oktyabr ayının 1-nə kimi tarlalardan 862,5 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 1 faiz az kartof, 1 milyon 220,6 min ton (6,1 faiz çox) tərəvəz, 434 min ton (5,9 faiz az) bostan məhsulları, 553,3 min ton (2,7 faiz çox) meyvə və giləmeyvə, 109,6 min ton (11 faiz çox) üzüm, 574,7 ton (35,6 faiz az) yaşıl çay yarpağı, 173,4 min ton (2,9 dəfə çox) şəkər çuğunduru, 54,5 min ton (4,5 dəfə çox) pambıq, 29,8 min ton (74,6 faiz çox) dən üçün günəbaxan, 3,7 min ton (19,3 faiz çox) tütün yığılıb.

2017-ci il oktyabrın 1-i vəziyyətinə ölkə üzrə 2 milyon 702,6 min baş iribuynuzlu mal-qara, o cümlədən 1 milyon 298,7 min baş inək və camış, 8 milyon 667,3 min baş qoyun və keçi mövcud olub. 2016-cı il oktyabrın 1-nə nisbətən iribuynuzlu mal-qaranın sayı 18,2 min baş (0,7 faiz), o cümlədən inək və camışların sayı 5,1 min baş (0,4 faiz), qoyun və keçilərin sayı 73,4 min baş (0,8 faiz) azalıb.

Keçən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-sentyabr aylarında diri çəkidə ət istehsalı 3,4 faiz artaraq 353,1 min ton, süd istehsalı 1,2 faiz artaraq 1 milyon 523,3 min ton, yumurta istehsalı 7,3 faiz artaraq 1 milyard 303,2 milyon ədəd, yun istehsalı isə 4,4 faiz azalaraq 15,7 min ton olub.

2016-cı ilin yanvar-sentyabr ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 2,8 faiz, o cümlədən heyvandarlıq məhsullarının istehsalı 3 faiz, bitkiçilik məhsullarının istehsalı isə 2,6 faiz artıb.

DİGƏR XƏBƏRLƏR

Top