"Nömrələrə defisi vətəndaşlar özləri də yaza bilər" - Açıqlama

Xəbər verdiyimiz kimi, Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanları standartlarının tələbləri ilə əlaqədar sürücülərə müraciət edib. Bildirilir ki, bəzi sürücülər daha gözəl göründüyünü düşünərək nömrələrin üzərinə həkk olunmuş defis simvollarını silirlər. Bu hərəkət qanun pozuntusu hesab edilir və həmin halın aradan qaldırılması üçün sürücülərə 1 ay müddətində vaxt verilib. Əks halda sürücülər inzibati məsuliyyətə cəlb olunacağı qeyd olunub. Bu xəbərdarlıq 2 gündür sosial şəbəkələrdə də müzakirə mövzusuna çevrilib və əsasən, tənqid olunur. Məsələn, sürücülərdən biri yazır: "Baş Dövlət Yol Polisi İdarəsi avtomobilimizə dövlət nömrə nişanı verib, necə verilibsə, o şəkildə də vurmuşuq avtomobilin üstünə, düz 5 ildən çoxdur ki, həmin nömrəni işlədirik. İndi deyirlər, bəs nömrənin "tire"ləri ağ yox, qara olmalı imiş. Gərək işini-gücünü buraxıb, BDYPİ-yə gedəsən, orda kim bilir neçə saatlıq növbəyə dayanasan, xahiş-minnət edəsən, bəlkə də pul ödəyəsən ki, həmin o "tire"ləri qaralasınlar. Belə etməsən, səni cərimə gözləyir...

Soruşan lazımdır ki, BDYPİ əgər səhv edibsə, nömrəni bizə bu cür veribsə, onun yanlışının cəzasını biz niyə çəkməliyik? "Tire" qaralamaq belə strateji məsələdisə, zəhmət çəkib DYP əməkdaşlarına "tire" qaraldanlar paylasınlar, onlar da həmin "tire"lərin gününü ağ eləsinlər". Necə olur ki, özləri ilə alkotestr gəzdirə bilirlər, "tireqaraldan" yox? Ən əsası da, "tire"nin ağ, ya qara olmasının nə önəmi var ki?! Xüsusən də BDYPİ-nin öz yanlışı olubsa, buna görə sürücüləri incitməyə nə gərək var axı?! Buna sərf edilən zamanı hərəkətin təhlükəsizliyinin təmin olunmasına yönəltsələr, cəmiyyət üçün daha faydalı işlər görmüş olarlar".

Məsələ ilə bağlı "Yeniavaz.com" saytının suallarını cavablandıran hüquqşünas Fərhad Mehdiyev deyib ki, rəngləməni sürücülər özləri də edə bilərlər: "Dövlət qeydiyyat nişanlarındakı əsas göstəricilərdən biri odur ki, orada göstəricilər standarta uyğun olmalıdır. İkincisi də odur ki, bunlar görsənməlidir və qalıcı olmalıdır. Məsələn, yağış suyundan yuyulmamalıdır, yaxud vətəndaş istəsə onu öz əli ilə silə bilməməlidir. Əks hallarda ola bilər ki, kimsə saxtakarlığa əl atar və yaxud hansısa pis niyyətlə istifadə edə bilər. Əgər avtomobilin nömrəsinin görüntüsü standartlara uyğundursa, qalıcıdırsa, rəngləri uyğundursa, əlbəttə, normativlərə uyğun olacaqdır. Başqa rəngdə boyamaq düzgün olmazdı. Göy rəngdə, yaxud yaşıl rəngdə olmaz. Normativdə 3 rəngli bayraq istisna olmaqla nömrədə 2 rəng var. Üçrəngli bayrağımız, ağ və qara rənglər. Burada vətəndaşlar defisə diqqət etməlidirlər. Özüm şəxsən diqqət yetirdim, uzun nömrələrdə defis olur, kvadrat nömrələrdə isə yox. Bu defislər bəzən görsənmir. Amma nömrənin üzərində döyməsi var. Vətəndaş özü əziyyət çəkmək istəmirsə, avtomobil servisinə gedə, necə ki, burada həmin nömrənin üzərinə zamanında ağ boya vurublar - o şəkildə həmin hissəni qara boya ilə rənglətdirməlidir. Yaxud evində boya varsa, bunu öz imkanları ilə evində edə bilər. Səliqəli olmaq şərti ilə nörənin üzərindəki döymə defisi qalıcı boya ilə boyaya bilər. Qalıcı boya əvəzinə qara vinillərdən də istifadə etmək olar. Həmin vinillər də uzunmüddətli istifadə üçün nəzərdə tutulub və ora yapışdırıla bilər. Boyanın quruması üçün müddət tələb olunur. Qara vinillər isə dərhal yapışdırılır və uzun müddət istismara yararlıdır, günəş işıqlarında dağılıb parçalanmır.

Rəngləmərə akrilik boyadan istifadə olunur adətən. Bu, qara rəngli qalıcı bir boyadır. Yağlı, akrilik boya da ola bilər, lak da ola bilər. Hətta xanımların istifadə etdikləri dırnaq laklarından belə istifadə oluna bilər. Lakin diqqət etmək lazımdır, çünki dırnaq lakı nömrənin üzərində uzağı bir neçə ay qalır. Bu cür laklar nömrənin üzərində 1 il qalmaz, vaxtaşırı təzələnməlidir, bir neçə qat vurulmalıdır. Yağışda yuyulub gedən boyalardan vurmaq olmaz".

"Defis olmasa sürücülər cərimələnməlidirmi?" sualımıza Fərhad Mehdiyev belə cavab verdi: "Bir element ya zəruridir, ya da zəruri deyil. Halbuki, biz defisləri kvadrat nömrələrdə görmürük. Həmin nömrələrdə bütün elementlər təkrarlanır, ancaq defis yoxdur. Kvadrat nişanlarda rəqəmlər yan-yana deyil, biri aşağıda, biri yuxarıdadır. Həmin nömrələrə defis qoymağın bir çətinliyi də var. Amma fakt budur ki, onlarda yoxdur. Demək ki, defis dövlət qeydiyyat nişanlarının zəruri hissəsi deyildir. Ona görə də bu mübahisəlidir - defis orada olmasa sürücü cərimələnməlidirmi? Mənim ilk ağlıma gələn sual budur əslində. Qeyd etdiyim kimi, uzun nömrələrdə döymə şəklində bu defisi görmək mümkündür. Hər halda dövlət bunu tələb edirsə, defisi ora yazmaq çox ciddi bir problem deyil. Verilən müddət - 1 ay az zaman deyil. Sadəcə, bunu bir neçə dəfə insanlara çatdırmaq lazımdır ki, hər kəs məlumatlı olsun. Bəzi elanlar camaata kifayət qədər yaxşı çatdırılmır. Cəriməsi də kifayət qədər yüksəkdir. Azgəlirli insanlar var, pensionerlər var, əlillər var. Onlar üçün bu ciddi bir cərimədir və ona görə də lazımdır ki, daha çox insana çatdırılması üçün daha çox bildirilsin. Vətəndaşların öz imkanları ilə bunu etməsi mümkündür və çox da çətin məsələ deyil".

Nicat

DİGƏR XƏBƏRLƏR

Top