70 ildir “can” deyib, “can” eşidirlər - Əli baba və Gülüş nənə... FOTOLAR

Onlar 70 ilə yaxındır ki, bir-birlərinə “can” deyib, “can” eşidirlər. 70 ilə yaxındır ki, bir-birlərinə qarşılıqlı hörmət edirlər. 70 ilə yaxındır ki, onların həyata baxışları bir-birini tamamlayır. Söhbət Mingəçevirdə məskunlaşmış Əhmədovlar ailəsindən gedir.

…Sözün düzü, bizim gəlişimizdən onların xəbərləri yox idi. Elə zənn edirdik ki, 91 yaşlı Əli babanı yatağında xəstə, 89 yaşlı Gülüş nənəni isə gözündən-qulağından şikayətçi kimi görəcəyik. Lakin onları iş başında görəndə bu kimi düşüncəlirimizdə yanıldığımızı anladıq. 91 yaşlı ixtiyar, 89 yaşlı qarısı ilə birgə bağda – əllərində bel əkdikləri tərəvəz bitkilərinin diblərini boşaldırdılar. Gördüyümüz mənzərdən o qədər sevindik ki…

Əli babanın sözlərindən aydın oldu ki, bu gün belə sağlam şəkildə ayaqda qalmasına görə həyat yoldaşına borcludur: “69 ildir evliyik, mənfur ermənilər bizi ata-baba torpaqlarımızdan didərgin salandan sonra Mingəçevirdə məskunlaşdıq. Mingəçevirə gələndə heç bir iynəmiz də yox idi. Ər-arvad əl-ələ verib halal zəhmətimizlə burada yenidən həyat qurduq”.

Sonra Əli baba doğma-yurd yuvasındakı günlərini yada saldı. Bu ürək ağrıdan söhbətdən sonra kövrəldi və elə özü də bu kövrəkliyi aradan qaldırmağa çalışdı: “40 il tarix müəllimi işləmişəm. Ermənistanda olanda arvad mənim əlimə baxardı, amma indi mən onun əlinə baxıram. O, göy-göyərti əkib becərir və həmin göyərtiləri də satır. Bax bununla dolanırıq. İndi pensiya ilə dolanmaq olar? Həm də bizi belə gümrah saxlayan bax, bu torpaqdır”.

Söhbət əsnasında aydın oldu ki, 69 il həyat yolunda birgə addımlayan cütlüklərin 8 övladı, 16 nəvəsi, 23 nəticəsi var. “Övladlarınız sizə kömək edirlərmi?” sualımıza Gülüş nənə onların Bakıda yaşadıqlarını bildirdi: “Ayda bir dəfə gəlib bizə dəyirlər”. Əli baba isə onun söhbətini bu sözlərlə tamamladı: “Bizim hələ onların köməyinə ehtiyacımız yoxdur. Nə qədər ki, əl-ayağımız tutur, özümüz-özümüzü dolandıracağıq”.

Əli babadan uzunömürlü ailənin sirlərindən də danışmağı xahiş etdik. O dedi: “Uzunömürlü ailənin təməli saf, həm də möhkəm olmalıdır. Bir də kişi ailənin sütunudursa, qadın da ailənin döyünən ürəyi olmalıdır. Biz bu gün də əl-ələ verib birlikdə bir nöqtəyə vururuq. Həmişə ailə qayğılarını da birlikdə çözmüşük”.

Gülüş nənə: “Mən öz qızlarıma həmişə tövsiyə etmişəm ki, böyüyün hörmətini saxlayın, cəmiyyətdə də həmişə böyük-kiçik yeri bilin. Həyatda hər şey ola bilər. Bunlara hazır olmaq lazımdır. Hər xırda söz-söhbətdən ailəni dağıtmazlar. Mən də eşidirəm qohum-qonşuda bu gün gəlin köçən qız 5-6 aydan sonra gəlib atasının evində oturur. Çox pis oluram bu kimi xəbərlərdən. Ailə tərbiyə ocağıdır".

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top