Türkiyə ABŞ əlaqələrinin pisləşməsinin səbəbkarı Gülən yox, Zərrabdır İDDİA

Türkiyə və ABŞ əlaqələrinin pisləşməsinin əsl səbəbi Rza Zərrabdır. “Yeniavaz.com” xəbər verir ki, bu barədə ABŞ hərbi və kəşfiyyat qurumları ilə xüsusi yaxınlığı ilə bilinən Deyvid İqnatius yazıb. “Washington Post” qəzetində yer alan məqaləyə görə, Rəcəb Tayyib Ərdoğan ötən il ABŞ səfəri zamanı vitse-prezident Co Baydenlə 90 dəqiqəlik görüşünün yarısını Rza Zərrabın azad edilməsi məsələsinə sərf edib. Bundan əlavə Türkiyə Prezidentinin amerikalı həmkarı Obama ilə baş tutan son iki telefon danışığı yenə də Rza Zərrabın xilası barədə olub.

D.İqnatiusun məqaləsində diqqət çəkən məqamlar:

- “Türkiyə Prezidenti R.Tayyib Ərdoğan 21 sentyabr 2016-cı il tarixində ABŞ-ın vitse-prezidenti Co Baydenlə görüşü zamanı əsas müzakirə predmeti Rza Zərrab olub. 90 dəqiqəlik görüşün 45 dəqiqəsi iranlı iş adamının məsələsinə sərf edilib. Ərdoğan Baydendən dövrün Nyu-York prokuroru Bhararanın işdən azad edilməsi və Zərrabın sərbəst buraxılmasını istəyib”.

- “Təkcə Ərdoğan deyil, Əminə Ərdoğan da Co Baydenin xanımı Cill Baydenə Zərrabın azad edilməsi üçün müraciət edib. Xatırladaq ki, Zərrabın TURGEV Fonduna bağışladığı vəsaitlər Türkiyənin birinci xanımının adının cinayət işinə daxil edilməsinə səbəb olmuşdu”.

- “Ötən ilin oktyabr ayında dövrün Ədliyyə naziri Bekir Bozdağ amerikalı həmkarı Loretta Linçi ziyarəti zamanı yenə Zərrabın azad edilməsinin vacibliyini dilə gətirmiş və onun əleyhindəki cinayət işinin heç bir sübuta əsaslanmadığı bildirmişdi”.

- “Ərdoğan və Obama arasında ötən ilin dekabrında və bu ilin yanvar ayında baş tutan telefon danışıqlarının əsas mövzusu yenə Zarrab olub”.

- “Obama dövrünün vəzifəli şəxslərindən birinin sözlərinə görə, Ərdoğanın Zərrabın azadlığında təkid etməsinin əsas səbəbi bu məhkəmə prosesinin onu və ailəsini çətin vəziyyətə salacağı narahatlığıdır”.

- “Ərdoğan Baydenlə görüşü zamanı prokuror Bhararanın “Gülənçilər”in oyuncağına çevrildiyi fikrini irəli sürüb”.

- “Ərdoğanın bütün səylərinə baxmayaraq Zərrabın cinayət işi böyüdü və ötən ay aralarında bir sabiq nazir də (Zafer Çağlayan) olmaqla 3 türk vətəndaşının adı istintaqa daxil edildi. Buna cavab olaraq Bekir Bozdağ Ərdoğana qarşı “çevriliş fəaliyyəti”nin olduğunu dilə gətirdi”.

- “Ərdoğan Trampın Zərrabı sərbəst buraxacağına ümid edirdi. İlk etapda Tramp da bu işə müsbət baxırdı. Amma bu ilin may ayında ABŞ-da Ərdoğanın cangüdənlərinin etiraz aksiyası keçirənləri döyməsi və Trampın özü ətrafında aparılan istintaqın böyüməsi vəziyyəti dəyişdi”.

- “ABŞ rəsmiləri Türkiyədə keşiş Brunson və ötən həftə ABŞ konsolluğunun əməkdaşı Metin Topazın təzyiq vasitəsi olaraq həbs olunmasından çox narahatdır”.

- “Türkiyənin düşməncə və avtoritar yanaşmasının üstü NATO müttəfiqi anlayışı ilə pərdələnir. Rəsmi Vaşinqton növbəti addımların nə olacağından çox narahatdır”.

Qeyd edək ki, Türkiyə rəsmiləri isə ABŞ-Türkiyə münasibətlərinin pozulmasında əsas səbəb kimi Fəthullah Gülənin verilməməsini və amerikalıların PYD-yə dəstəyini göstərirlər.

DİGƏR XƏBƏRLƏR

Top