Süni mayalanma ilə 45 min baş buzov əldə olunub

Kənd Təsərrüfatı Nazirliyinin Göygöl rayonunun Firuzabad qəsəbəsində fəaliyyət göstərən Respublika Süni Mayalanma Mərkəzinin (RSMM) iştirakı ilə indiyə qədər Azərbaycanda süni mayalanma yolu ilə 45 min 20 baş (o cümlədən Naxçıvan üzrə 8 min 193 baş) buzov əldə olunub. "Yeniavaz.com" Kənd Təsərrüfatı Nazirliyindən açıqlanan məlumatlara istinadən bildirir ki, həmin heyvanların sahiblləri olan 38 min 423 fermerə, hər heyvana görə 100 manat subsidiya verilib. Təkcə bu ilin ilki 9 ayında ailə-kəndli və fermer təsərrüfatlarında saxlanılan 87 min 849 baş az məhsuldar və damazlıq keyfiyyəti aşağı olan qaramalda süni mayalanma aparılıb ki, bu da ötən ilin müvafiq dövründən (70 min 182 baş) 25,2% çoxdur.

Onu da bildirək ki, RSMM Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin olunması tədbirləri çərçivəsində 2014-cü ildə yaradılıb. Məqsəd ölkədə heyvan mənşəli məhsulların istehsalını artırmaq, mal-qaranın cins tərkibini yaxşılaşdırmaq, süni mayalanma tədbirlərinin həyata keçirilməsini sürətləndirməkdir.

Mərkəzin istehsalat kompleksi 3 hektar ərazini əhatə edir və burada saxlanılan törədici heyvanların yem ilə təmin edilməsi üçün 60 hektar əkinə yararlı torpaq sahəsi ona təhkim edilib. Ərazidə enerji təchizatı obyektləri, su hovuzları və nasosxana, kanalizasiya şəbəkəsi, yanğınsöndürmə sistemi, kənd təsərrüfatı texnikalarının saxlanması üçün qaraj, silos anbarı və digər yardımçı binalar tikilib.

Mərkəzin yeni kompleksinin layihələndirilməsində Türkiyə, Fransa, Almaniya və Hollandiyanın təcrübəsindən istifadə edilib, bu ölkələrdən dəvət edilmiş mütəxəssislər layihənin hazırlanmasında və inşaatın gedişində iştirak ediblər. İnşaat işləri və Mərkəzin funksional planı Ümumdünya Ərzaq Təşkilatının (FAO) ekspertləri ilə müzakirə edilib və onların tövsiyələri nəzərə alınıb.

Respublikada qaramal cinslərinə tələbat nəzərə alınaraq Avstriya və Almaniyadan 10 baş simmental, 8 baş holştein-friz, 5 baş şvis, 3 baş şarole, 2 baş aberdin- anqus olmaqla cəmi 28 baş törədici buğa, İrandan isə 2 baş cinsi yaxşılaşdırılmış mürrah mənşəli törədici kəl Mərkəzdə istifadə olunmaq üçün gətirilib. Xüsusi hazırlanmış məlumat bazası vasitəsilə genetik materialın Mərkəzdən təsərrüfatlara qədər izlənməsi və fərdi uçotun aparılmasına başlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top