Deputatlıqdan icra başçılığına, icra başçılığından deputatlığa keçənlər - SİYAHI

İndiki Rayon İcra Hakimiyyəti başçıları arasında vaxtilə Milli Məclisin deputatı olanlar az deyil. Həmçinin Milli Məclisin indiki deputatları arasında da bir vaxtlar rayon icra hakimiyyətlərinə başçılıq edənlər var. Bəziləri qısa müddətlik İcra Hakimiyyəti başçısı olsalar da, hazırda Milli Məclisdə fəaliyyətlərini davam etdirirlər. "Yeniavaz.com"un təqdim edəcəyi siyahıda elə şəxslər də var ki, bir vaxtlar icra başçısı, deputat olsalar da, indi işsizdirlər, dünyasını dəyişən də var...

Vaqif Abdullayev - Hazırda Beyləqan Rayon İcra Hakimiyyətinin başçısıdır. V. Abdullayev bir vaxtlar Milli Məclisin deputatı olub.

Əhəd Abıyev - Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısıdır. Ə. Abıyev 1995-2010-cu illərdə Milli Məclisin deputatı olub.

Sevindik Hətəmov - Hazırda Salyan Rayon İcra Hakimiyyətinin başçısıdır. S. Hətəmov 2005-2010-cu illərdə üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

Elman Məmmədov - Hazırda Xocalı rayonundan Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır. E. Məmmədov 1991-2000-ci illərdə Xocalı İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. 2005-ci il noyabrın 6-da 124 saylı Şuşa-Füzuli-Xocalı-Xocavənd seçki dairəsindən deputat seçilib. Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvüdür. Azərbaycan-Belarus, Azərbaycan-Bolqarıstan, Azərbaycan-Fransa, Azərbaycan-İsveçrə, Azərbaycan-Lüksemburq parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. GUAM-ın Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.

Əliağa Hüseynov - Hazırda Milli Məclisin deputatıdır. Ə. Hüseynov bundan əvvəl isə 11 noyabr 2009-cu il tarixindən Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. 7 noyabr 2010-cu ildə Azərbaycan Respublikası IV çağırış Milli Məclisinin deputatı seçilib. Prezidentin 11 dekabr 2010-cu il tarixli sərəncamı ilə Əliağa Hüseynov dördüncü çağırış Milli Məclisinə deputat seçilməsi ilə əlaqədar olaraq Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir.

Musa Musayev - 2000-2005-ci illərdə Milli Məclisin deputatı olub. 2006-2010-cu illərdə isə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Hazırda heç bir vəzifədə çalışmır. Bir vaxtlar mətbuatın gündəmində olan bu şəxsi indi jurnalistlər də unudub.

Nizami Ələkbərov - İsmayıllı Rayon İcra Hakimiyyətinin sabiq başçısı. 1982-ci ildə rayon Sovetinin deputatı, Şəki rayon xalq məhkəməsinin xalq iclasçısı olub. 1995-2000 Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. 2013-cü ilin fevral ayında vəzifəsindən azad edilib. Hazırda harada çalışması ilə bağlı məlumat yoxdur.

Rafael Allahverdiyev - Bakı Şəhər İcra Hakimiyyətinin sabiq icra başçısı. Bir vaxtlar Milli Məclisin deputatı da olub. 2009-cu ildə dünyasını dəyişib.

DİGƏR XƏBƏRLƏR

Top