Eyni vaxtda 23 rayonda internetin kəsilməsinə sərt tənqid

Bir neçə gün öncə saytlarda 23 rayonda internet olmayacağı ilə bağlı xəbər yayıldı.

"Aztelekom"un yaydığı məlumatda qeyd olunurdu ki, internet istifadəçilərini sürətli və keyfiyyətli internet xidmətləri ilə təmin etmək məqsədilə şəbəkə infrastrukturunun yenilənməsi və ötürmə qabiliyyətinin yüksəldilməsi üçün daha müasir avadanlıqlar quraşdırılır. Bu məqsədlə oktyabrın 11-i (10-dan 11-nə keçən gecə) Goranboy, Beyləqan, Bərdə, Ağcabədi, Ağstafa, Astara, Biləsuvar, Yevlax, İsmayıllı, İmişli, Şəmkir, Sabirabad, Qəbələ, Tovuz, Ağdaş, Saatlı, Siyəzən, Zərdab, Cəbrayıl, Gədəbəy, Xızı, Oğuz, Şabran rayonlarında 11 oktyabr saat 02:00-dan 08:00-dək internet təchizatında fasilələr yaranacağı qeyd olunmuşdu.

"Yeniavaz.com" xəbər verir ki, eyni vaxtda 23 rayonda internetin kəsilməsini Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz sərt tənqid edib: "Bəzən biz mənfi, xoşagəlməz bir halı da adi bir vəziyyət, müsbət bir tendensiya olaraq təqdim edən qurumlara rast gəlirik. Qəribədir ki, hamı da bunu çox sakitcə pozitiv bir hal, normal bir vəziyyət kimi qəbul edir. "Aztelekom" bildirir ki, regionlarda şəbəkəni yeniləyir və bununla bağlı xeyli sayda rayonlarda internet olmayacaq. Diqqət edin, deyir ki, rayonlarda olmayacaq, yəni yalnız "Aztelekom.net" şəbəkəsində yox. Bu necə ola bilər axı? Regionlarda internet yalnız bu qurumun şəbəkəsinin üzərindəmi oturub? Biz bir dəfə bu tip yanaşmanın acı nəticəsini yaşadıq axı. Bir nöqtədən internetin ölkəyə daxil olması 2 il bundan öncə həmin nöqətədə baş verən yanğından sonra Azərbaycanı 6 saat qlobal dünyadan ayırmadımı? Əgər "Aztelekom" hansısa rayonda yenilənmə aparırsa və bunun da nəticəsində həmin rayonlarda internet omayacaqsa, demək, bunun adı internet deyil, bu sadəcə "Aztelekom"un regional kompüter şəbəkəsidir desək, daha doğru olar.

Çünki internet elə alternativlik deməkdir, alternativ şəbəkə yoxsa, demək internet də yoxdur. Bəs hanı "DeltaTelecom"un, "Azertelecom"un, digər provayderlərin regional şəbəkələri? Nə üçün dövlətə məxsus kabel-kanal sistemindən, rabitə şəbəkələrindən bərabər əsaslarla istifadə imkanları yaradılmır, nə üçün kabel-kanal sistemindən yeni istifadə Qaydaları ləngiyir? Bəs görəsən, regionlarda alternativliyi kim yaratmalıdır? Qəribədir ki, bu alternativliyi yaratmalı olan, ən azı buna şərait yaratmalı olan qurum da elə "Aztelekom" və ya onun rəhbər qurumu Nəqliyyat, Rabitə, Yüksək Texnologiyalar Nazirliyidir. Yəni, mahiyyətcə bu qurumun əslində xəbəri belə olmalıydı ki, baxmayaraq regionlarda şəbəkədə yenilənmə işləri aparılır, amma alternativliyi təmin etdiyimizə görə rayonların internet təchizatında hər hansı problem olmayacaq. Bu qədər sadədir, amma"...

DİGƏR XƏBƏRLƏR

Top