İstifadəsiz qalan dövlət əmlakları hərraca çıxarılır

Əmlak Məsələləri Dövlət Komitəsi hər həftə dövlət əmlakının özəlləşdirilməsi üçün hərrac keçirir. "Yeniavaz.com" xəbər verir ki, hərraca həm iri, həm də orta müəssisələr çıxarılır. Elə "Mingəçevir Texniki Rezin", "Mingəçevir Regenerat", "Mingəçevir Şüşə Lifi" Açıq Səhmdar Cəmiyyətləri də ötən ildən etibarən hərraca çıxarılıb. Nəzərə alsaq ki, bir vaxtlar Mingəçevirin sənaye şəhəri kimi ad qazanmasında bu müəssisələrin rolu böyük olub, indi bu obyektlərə hərracda marağın az olması düşündürücüdür. İqtisadçı-ekspert Günəş Şəfəqətov deyir ki, böyük müəssisələrin özəlləşdirilməsi iqtisadi baxımdan strateji məsələdir və buna görə məsələyə həssas yanaşmaqda fayda var: "Çünki böyük müəssisələri kimə gəldi satmaq olmaz. Bu ciddi düşünülməlidir. Həmin müəssislərin istehsalı böyük səviyyəlidir. Orada çalışanların sayı çoxdur. Həmin müəssisələrdə istehsal amillərinin miqyası böyükdür və bunun üçün ciddi maliyyə vəsaiti lazımıdr".

Bəzi hallarda hərraca çıxarılan müəssisələr özəlləşədirildikdən sonra bir sıra problemlər ortaya çıxır. Elə Mingəçevir Avtovağzalını özəlləşdirən Tofiq Rəhimov deyir ki, 10 ildir müəssisə ona məxsusdur. Bu müddətdə bir çox yeniliklər etsə də, sahibkarın hələ də bir sıra problemləri var. Avtovağzalın içərisində yerləşən və bir vaxtlar ərzaq mağazası kimi fəaliyyət göstərən bina sahibkara həm göz dağıdır, həm də problem.

Sahibkar Tofik Rəhimov bildirir ki, ayrı-ayrı adamlar gəlib bura mənimdir deyir: "Mən də məcbur olub bir divarını abadlaşdırmışam. Çünki bina vağzala baxır, çox pis görünür. Köhnə binadır. Bu binanı kimsə özəlləşdirə, ya da bizə təklif oluna, əsas odur düzələ".

Bəzən də olur ki, hərraca çıxarılan müəssisələr özəlləşdirilsə də yenidən istifadəsiz qalır. Ekspertlər bunun səbəbini özəlləşdirmədə iştirak edən şəxslərin mövcud iqtisadi sistemin mahiyyətini başa düşmədən həmin prosesə qoşulmalarında görür. Ekspert Günəş Şəfaqətov deyir ki, hər hansı bir fəaliyyəti həyata keçirmək üçün mütləq həmin sahəyə investisiya yönəldilməlidir. Bu investisiya isə həm həmin sahədə fəaliyyət göstərənin öz vəsaiti, həm də cəlb olunmuş vəsait ola bilər. Sahibkarların bir çoxu isə bu risklə qarşılaşanda onların problemləri çoxalır.

Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilovun sözlərinə görə, istifadəsiz qalan dövlət əmlaklarına investorların cəlb olunmasında komitənin keçirdiyi hərracların böyük rolu var. Bu özəlləşdirilmə sahəsində büdcəyə daxil olmalar artırılır. Komitə yeni investorların cəlb olunması istiqamətində də yeniliklər edib.

Mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov: "Bildiyiniz kimi, bu hərraclarda iştirak etməkdə artıq elektron qaydada həyata keçirilir, yəni istənilən investor öz ofisindən və yaxud evindən çıxamayaraq, internet üzərindən bu hərraclarda iştirak etmək üçün sifariş verə bilir. 10 faiz behi elektron qaydada ödəmək imkanı yaradılıb. Eyni zamanda bu hərraclarda real rejimdə internet üzərində onlayn izləmək imkanları da mövcuddur. Komitə bu vaxtadək 1400-dən artıq iri və kiçik həcmdə müəssisələr hərraca çıxarıb. Oktyabrın 24-də Əmlak Məsələləri Dövlət Komitəsi yeni hərrac keçirəcək. Hərraca ümumilikdə 156 dövlət əmlakı çıxarılıb".

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top