90-cı illərdən Azərbaycanda eyni vəzifədə çalışanlar - SİYAHI

2017-ci ilin başa çatmasına az qalır. 2000-ci ildə dünyaya gələnlər gələn il hərbi xidmətə yollanacaqlar. 90-cı illərdə doğulanların çoxu isə artıq oğul-uşaq sahibidirlər. 90-cı illər artıq bizə uzaq tarix kimi gəlir və əksəriyyət o illəri nostalji olaraq xatırlayır. O dövrdən bizə yadigar qalan acılı, şirinli xatirələr var, həyatımızda çox şey dəyişib. Lakin elə insanlar da var ki, 90-cı illərdən eyni vəzifədə çalışırlar, eyni işi görürlər. Nisbətən aşağı vəzifədə olanların həmin dövrdən eyni vəzifədə, eyni işdə çalışmaları diqqət çəkməsə də, bəziləri insanların maraq dairəsindədir. "Yeniavaz.com" saytı bunu nəzərə alaraq, Azərbaycanda 90-cı illərdən üzü bəri eyni vəzifədə çalışan, eyni kresloda oturanların siyahısını hazırlayıb. Necə çalışmalarına, öz işlərinə necə yanaşmalarına hər hansı şərh vermədən həmin şəxslərin adlarını təqdim edirik.

Allahşükür Paşazadə - 1980-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin sədri, 2003-cü ildə şeyxülislamlıq vəzifəsinə ömürlük seçilib.

Anar Rzayev - 1991-ci ilin martında Yazıçıların IX Qurultayında yekdilliklə Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri seçilib. Növbəti illərdə keçirilən seçkilərdə də Anar AYB-ə sədr seçilib və hazırda da eyni vəzifəni yerinə yetirir.

Xoşbəxt Yusifzadə - 1992-1994-cü illərdə "Azərineft" Dövlət Konserninin birinci vitse-prezidenti, ARDNŞ prezidentinin müşaviri, 1994-2004-cü illərdə ARDNŞ-nin geologiya, geofizika və yataqların işlənməsi üzrə vitse-prezidenti vəzifələrində çalışıb. 2004-cü ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidentidir.

Çingiz Abdullayev - 1991-ci ildən Azərbaycan Yazıçılar Birliyinin katibidir.

Əhməd Əhmədzadə - 1993-2004-cü illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri, 2004-2006-cı illərdə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin baş direktoru, 2006-cı ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədridir.

Ramil Usubov - 1994-cü ildə Azərbaycan Respublikasının Daxili işlər naziri təyin edilib.

Ramiz Zeynalov - 1994-cü ilin avqust ayından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisidir.

Məleykə Abbaszadə - 1994-cü ilin avqust ayında Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası sədrinin birinci müavini, 2000-ci ilin oktyabr ayından isə TQDK-nın sədri vəzifəsinə təyin olunub. Hazırda bu qurumun adı Dövlət İmtahan Mərkəzidir və Məleykə xanım bu qurumun sədridir.

Ramiz Mehdiyev - 1995-ci ildən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsində çalışır.

Abid Şərifov - 1995-cü ilin noyabr ayından Azərbaycan Respublikası Baş nazirinin müavinidir.

Elman Rüstəmov - 1995-ci ilin yanvarında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin Sədri vəzifəsinə təyin edilib.

Vasif Talıbov - 16 dekabr 1995-ci ildən Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri seçilir.

Artur Rəsizadə - 1996-2003-cü illərdə Baş Nazir, 2003-cü ilin avqust-noyabr aylarında Baş Nazirin birinci müavini vəzifələrində işləyib. 2003-cü ilin noyabr ayından yenidən Azərbaycan Respublikasının Baş naziridir.

Cahangir Əsgərov - 1996-cı ildən "Azərbaycan Hava Yolları" QSC-nin baş direktoru və Ağır Atletika Federasiyasının prezidentidir.

Əli Həsənov - 1998-ci ilin noyabr ayından Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədridir.

Fikrət Qoca - 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin birinci katibidir.

Abel Məhərrəmov - 1999-cu il yanvarın 11-dən Bakı Dövlət Universitetinin rektorudur.

Yaqub Eyyubov - 1999-2003-cü illərdə Azərbaycan Respublikası Nazirlər Kabinetində Baş nazirin müavini, 2003-cü ildən Azərbaycan Respublikası Baş nazirinin birinci müavinidir.

Sonda onu da qeyd edək ki, 2000-ci ildən eyni vəzifədə çalışanlar da var.

Zakir Qaralov - 25 aprel 2000-ci il tarixdən Azərbaycan Respublikasının Baş prokurorudur.

Fikrət Məmmədov - 2000-ci ilin aprel ayında Azərbaycan Respublikasının Ədliyyə naziri təyin edilib.

Məzahir Pənahov - 2000-ci ilin may ayında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri vəzifəsində çalışır.

DİGƏR XƏBƏRLƏR

Top