Xarici valyutada verilən kreditlərin faiz dərəcələri kəskin artıb

Bu ilin sentyabr ayının əvvəlinə olan məlumata görə Azərbaycanda kreditlər üzrə orta faiz dərəcəsi 12% olub. Bu göstərici Bakı şəhərində 10,6% təşkil edib. "Yeniavaz.com" Mərkəzi Bankın (MB) açıqladığı sonuncu statistik göstəricilərə istinadən bildirir ki, bu ilin əvvəlində kreditlər üzrə orta faiz dərəcəsi ölkə üzrə 10,5%, Bakı şəhəri üzrə 8,9% olub. Rəqəmlərdən də göründüyü kimi, kreditlər üzrə orta faiz dərəcəsi ölkə üzrə 1,5 faiz bəndi, Bakı şəhəri üzrə isə 1,7 fazi bəndi artıb.

Azərbaycanda kreditlər üzrə faiz dərəcələrinin ən yüksək həddi Aran və Lənkəran iqtisadi rayonlarında qeydə alınıb. Bu rayonlarda orta faiz dərəcəsi müvafiq olaraq 22% və 21,6% olub. Ən aşağı faiz dərəcəsi isə Bakıda (10,6%), həmçinin Naxçıvan (8,6%) iqtisadi rayonlarında müşahidə olunub.

Banklar tərəfindən verilən kreditlərin 58,3%-i və ya 7 milyard 222,3 milyon manatı milli valyutada, 41,7%-i və ya 5 milyard 154,3 milyon manatı isə xarici valyutada olub. Milli valyuta ilə verilən kreditlərin orta faiz dərəcəsi 13%, xarici valyuta ilə verilən kreditlərin orta faiz dərəcəsi isə 10,6% olub. İlin əvvəli ilə müqayisədə milli valyuta ilə verilən kreditlərin orta faiz dərəcəsi 0,9 faiz bəndi, xarici valyuta ilə verilən kreditlərin orta faiz dərəcəsi isə 2 faiz bəndi artıb.

Onu da qeyd edək ki, kreditlərin 83,3%-i və ya 10 milyard 314,2 milyon manatı Bakı şəhərinin payına düşüb.

DİGƏR XƏBƏRLƏR

Top