
Bu ilin sentyabr ayının əvvəlinə olan məlumata görə, Azərbaycanda quraşdırılan bankomatların ümumi sayı 2 min 495 ədəd olub. "Yeniavaz.com" Mərkəzi Bankdan açıqlanan məlumatlara istinadən bildirir ki, son bir il ərzində ölkədəki bankomatların sayı 51 ədəd azalıb. Verilən məlumatda həmçinin bildirilir ki, bankomatların 1353 ədədi Bakıda, 1142 ədədi isə regionlarda quraşdırılıb. Ötən ilin analoji dövrü ilə müqayisdə Bakıda quraşdırılan bankomatların sayı 48 ədəd, regionlarda quraşdırılan bankomatların sayı isə 3 ədəd azalıb.
Mərkəzi Bankın məlumatında həmçinin qeyd olunur ki, bankomatlarla bərabər POS-terminalların da sayında azalma olub. Son bir il ərzində POS-terminalların sayı 1 min 881 ədəd azalaraq 70 min 318-dən 68 min 437 ədədə düşüb. POS-terminalların sayı Bakıda 39 min 431-dən 38 min 784-ə, regionlarda isə 30 min 887-dən 29 min 653-ə enib.
Təkcə son bir il ərzində Bakı şəhərinin pərakəndə ticarət obyektlərində quraşdırılan POS-terminalların sayı 778 ədəd azalaraq 38 min 932 ədəddən 38 min 157 ədədə düşüb.
Tətbiqimizi yükləyə bilərsiniz