Çobanlıqdan "O Səs Türkiyə"yə - FOTOLAR


Pərvin Səfərov sosial şəbəkələrdə gözəl səsi olan çoban kimi məşhurlaşmışdı. Mən də hər kəs kimi onu "facebook"da oxuduğu zaman videosunu gördüm, səsini bəyəndim. Daha sonra Pərvinlə telefonla əlaqə saxlayaraq tanış oldum. Birinci dəfə idi ki, sosial şəbəkə vasitəsilə tanış olduğum biri ilə bu qədər yaxınlıq edirdim. Pərvinin oxuduğu mahnını sosial şəbəkədə paylaşdım. Həmin videonun minlərlə paylaşımı və bəyənməsi oldu. Çoxlu rəy yazıldı. Həqiqətən, oxuduğu mahnılarda səsinin bal kimi olmağı açıq-aydın görünürdü. Bu səsin bir gün böyük səhnələrdən gələcəyinə şübhə etmirdim.


Paylaşdığım videonun rəy bölməsinə "Xəzər" televiziyasından dostlarımız "onunla necə əlaqə saxlamaq olar" yazmışdılar. Mən də Pərvinin yaxın qohumu Rəna xanımdan nömrəsini alaraq verdim. Beləliklə, sosial şəbəkələrdə paylaşılan videodan sonra Pərvinin televiziyada ilk çıxışı reallaşdı. Bütün Azərbaycan gözəl səsli çobanın başqa musiqilərini də dinləmək istəyirdi. Pərvin çoxsaylı istəkləri nəzərə alaraq yeni videolar çəkərək, sosial şəbəkələrdə paylaşdı.


İnternetdə Pərvinin "Nazəndə Sevgilim" mahnısının Türkiyənin "CNN", "Hürriyət", "Milliyət", "Sözcü" kimi böyük xəbər saytlarında gündəm olduğunu gördüm. Sevincli halda Pərvinə zəng vuraraq: "Türkiyədə gündəm olmusan, milyonlar xərcləsən belə saytlarda gündəm ola bilməzdin! Allah yolunu açır",-dedim. Türkiyədə gündəm olan Pərvinin mahnısını hətta tanınmış insanlar belə bəyənərək paylaşdılar.


Günlərin birində Pərvin mənə zəng edərək ona "O Ses Türkiye"dən dəvət gəldiyini dedi. Çox sevindik, çünki belə bir dəvət həqiqətən, gözlənilməz oldu. Xəyallarını qurduğu "O Səs Türkiyə" yarışması artıq çox yaxın idi. Sentyabrın 29-u Pərvini Türkiyəyə yola saldıq. Bir neçə günlük hazırlıqdan sonra Pərvin mənə zəng vuraraq: "Sən də gəl, mənim dostum olaraq istəyirəm yanımda olasan",-dedi. Mən yarış günü getdim. Bir neçə saatlıq hazırlıqdan sonra Pərvin səhnəyə çıxdı. Çox həyəcanlı görünürdü. Onu da deyim ki, mən Pərvindən də həyəcanlı idim. Çünki Pərvin bütün Azərbaycanı təmsil edirdi.


Pərvinin səsini bəyənən münsiflərdən Hadisə, Murat, Gökhan ona tərəf döndü. Digər münsif, Yıldız Tilbe Pərvinin səsini bəyəndiyini, sadəcə təmiz türk dilində oxumadığı üçün ona tərəf dönmədiyini bildirdi. Əslində, Pərvin yarış başlamamışdan əvvəl Yıldız Tilbe dönsə, onu seçəcəyini demişdi. Həmin yarış günü səhv etmirəmsə, 4 münsifdən 3-ü dönən ilk yarışma iştirakçısı Pərvin oldu.


Pərvin seçim edərək Murad Bozun komandası ilə yarışmaya davam edəcəyini bildirdi. İfası bitdikdən sonra hər kəs, hətta Pərvinə rəqib olacaq yarışma iştirakçıları belə ona sarılaraq təbrik edirdilər. Beləliklə, Çobanlıqdan "O Səs Türkiyə"yə yolçuluq başladı. Yolun açıq olsun, qardaşım!

İlkin Əmirov

DİGƏR XƏBƏRLƏR

Top